ABŞ və Avropa Ukrayna üçün sülh planı hazırlayır - 4 BƏND

ABŞ və Avropa Ukrayna üçün sülh planı hazırlayır - 4 BƏND backend

Amerika Birləşmiş Ştatları və Avropa tədricən həm Rusiyaya, həm də Ukraynaya maliyyə faydaları və təhlükəsizlik təminatları gətirəcək, lakin eyni zamanda ərazi güzəştləri tələb edəcək müştərək sülh planına doğru irəliləyir.

Qaziler.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti öz mənbələrinə istinadən yazır.

Mətndən aydın olur ki, amerikalı danışıqçılar münaqişəyə son qoymaq və hər iki ölkənin vəziyyətini yaxşılaşdırmaq üçün həm Ukraynanın, həm də Rusiyanın ehtiyaclarını nəzərə alacaq tədbirlər paketi formalaşdırmağa çalışırlar. Yazıda qeyd olunur ki, bu, heç bir tərəfin xoşuna gəlməyəcək ərazi kompromisi üçün bir "şirin həb" olacaq.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, paket dörd komponentdən ibarət olacaq və bura qitədə sabitliyi bərpa edəcək Avropa ilə Rusiya arasında iqtisadiyyat və təhlükəsizlik sahəsində saziş də daxil ediləcək.

WP yazır ki, birinci komponent Dünya Bankı və "BlackRock" investisiya şirkətinin dəstəyi ilə Ukraynanın yenidən qurulması olacaq. İkinci bənd isə Ukraynaya NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsinə ekvivalent olan təhlükəsizlik təminatlarının verilməsidir.

Üçüncü komponent enerji sahəsində saziş əsasında Rusiya, Ukrayna və Avropanın iqtisadi inteqrasiyası olacaq. Amerikalı məmur qəzetə bildirib ki, bunun bir aspekti Rusiya neft və qazının Avropaya nəqli üçün boru kəməri ola bilər, bu halda Ukrayna və Rusiya gəliri öz aralarında bölüşəcəklər.

"The Washington Post" qeyd edir ki, sonuncu element "ən xoşagəlməz hissə" olacaq. Rusiyaya mövcud cəbhə xətti boyunca atəşkəsə razı olmaq təklif edilir, Ukrayna isə Donbas da daxil olmaqla ərazi itkilərini qəbul etməli olacaq.

QAZİLER.AZ