Beynəlxalq səyyahlar Ağdama səfər ediblər - YENİLƏNİB

Beynəlxalq səyyahlar Ağdama səfər ediblər - YENİLƏNİB backend

Nüfuzlu MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi heyətin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Ağdam şəhərinə səfəri başlayıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, 13 ölkəni təmsil edən beynəlxalq səyyahlar Ağdamda ilk olaraq Cümə məscidini ziyarət ediblər.

Qonaqlara məscidin tarixi, işğaldan əvvəlki və işğal dövründəki vəziyyəti barədə məlumat verilib.

Səyyahlar səfər çərçivəsində Ağdam şəhərində işğal zamanı törədilmiş dağıntılarla, eyni zamanda hazırda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə tanış olacaqlar.

Heyət Ağdamda şəhərin digər tarixi və mədəni məkanlarını da ziyarət edəcəklər.

15:00

xxx

Dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun 13 ölkədən olan, təxminən 40 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərini ziyarət edib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, səyyahlara MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili (Charles Veley) rəhbərlik edir.

Beynəlxalq səyyahlar Şuşa səfərinə şəhərin mərkəzi meydanından başlayıblar. Burada onlar Azərbaycanın görkəmli şəxsiyyətləri Xurşidbanu Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri ilə tanış olublar. Qonaqlara Şuşanın tarixi, işğal dövründə şəhərdə törədilmiş dağıntılar, eləcə də işğaldan azad edildikdən sonra həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verilib.

Səyyahların diqqətinə çatdırılıb ki, işğal dövründə Şuşanın tarixi-mədəni irsinə ciddi ziyan vurulub, şəhərdəki tarixi binalar, məscidlər və digər abidələr dağıntılara məruz qalıb. Şəhərin azad olunmasından sonra isə tarixi-mədəni irsin qorunması və Şuşanın əvvəlki simasının bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.

Səfər çərçivəsində qonaqlar Aşağı Gövhər Ağa məscidini, Sadıqcanın ev-muzeyini, Xurşidbanu Natəvanın evini, Xan qızı bulağının yerləşdiyi ərazini və Şuşanın qala divarlarını ziyarət ediblər.

Səyyahlar daha sonra Cıdır düzündə olublar və buradan Şuşanın mənzərəsini seyr ediblər.

Qeyd edək ki, bu, dünyanın müxtəlif səyyah klubları tərəfindən 2021–2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində təşkil olunan 17-ci səfərdir. Bu səfərlər beynəlxalq səyyahlara işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə yerində tanış olmaq imkanı yaradır.

xxx
13:00

Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, 13 ölkədən, o cümlədən ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniyadan olan beynəlxalq səyyahlar Şuşaya gəliblər.

Səyyahlar şəhərə səfərləri çərçivəsində ilk olaraq İsa bulağını ziyarət ediblər. Onlara İsa bulağının yerləşdiyi ərazi, Şuşanın tarixi və təbiəti barədə məlumat verilib.

Səfər çərçivəsində beynəlxalq səyyahların Şuşanın digər tarixi və mədəni məkanlarını da ziyarət etmələri nəzərdə tutulur.

xxx
12:06

Xocavənd. Trend:

Dünyaşöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Charles Veley-in rəhbərlik etdiyi beynəlxalq səyyahlardan ibarət heyətin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

Trend-in Qarabağ bürosu xəbər verir ki, səfərdə 13 ölkəni təmsil edən, aralarında ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniyanın da olduğu ölkələrdən təxminən 40 səyyah iştirak edir.

Səfər çərçivəsində heyət Xocavənd rayonunda yerləşən Azıx mağarasını ziyarət edib. Səyyahlara mağaranın tarixi, arxeoloji əhəmiyyəti və burada aparılan tədqiqatlar barədə məlumat verilib.

Bildirilib ki, Azıx mağarası Cənubi Qafqazın ən böyük əhəngdaşı mağaralarından biri olmaqla yanaşı, Avrasiyanın qədim insan məskənlərindən hesab olunur. Mağarada 1960-cı ildən Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılan tədqiqatlar zamanı 14,5 metr ümumi qalınlığa malik 10 mədəni təbəqə, minlərlə daş alət və fauna qalıqları aşkar edilib. Burada insan məskunlaşmasının izləri təxminən 1,2 milyon il əvvələ aid edilir.

Səyyahlara 1968-ci ildə mağarada aşkarlanan və 300-400 min il əvvələ aid edilən qədim insanın – Azıxantropun alt çənə sümüyünün fraqmenti, eləcə də 700-500 min il əvvələ aid daş divarla əhatələnmiş ocaq barədə məlumat verilib.

Qeyd olunub ki, Azıx mağarası 2021-ci ildə Tağlar mağarası ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısının İlkin Siyahısına daxil edilib.

Heyətə işğal dövründə mağarada aparılan arxeoloji tədqiqatlar barədə də məlumat verilib. Bildirilib ki, 2002-ci ildən etibarən Azərbaycanın razılığı olmadan mağarada Ermənistan arxeoloqları və xarici tədqiqatçıların iştirakı ilə qazıntı işləri aparılıb və əldə olunan arxeoloji materiallar Ermənistana aparılıb.

Hazırda Azıx mağarasında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniyanın Leibniz Arxeologiya Mərkəzi (LEIZA) arasında imzalanmış memorandum əsasında Azıx Beynəlxalq Paleolit Arxeoloji Ekspedisiyası tərəfindən tədqiqatlar davam etdirilir.

Bildirilib ki, ekspedisiyada Azərbaycan və Almaniya ilə yanaşı, daha 10 ölkədən mütəxəssislər iştirak edir. Mağaranın ikinci girişində – “Azıx 2”də əvvəllər məlum olmayan geniş qalereya aşkar edilib. 2025-ci ildə III təbəqədən götürülmüş nümunələrin OSL (Optik Stimullaşdırılmış Lüminessensiya) üsulu ilə təxminən 300 min il əvvələ aid olduğu müəyyənləşdirilib.

Bu səfər 2021-2026-cı illərdə dünyanın əsas səyahət klublarının Qarabağ və Şərqi Zəngəzura qrup şəklində təşkil etdiyi 17-ci səfərdir. Səfərlər çərçivəsində beynəlxalq səyyahlar işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, həmçinin regionun tarixi və mədəni irsi ilə yerində tanış olurlar.

Səyyahların proqramına Şuşa və Ağdam şəhərlərinə səfərlər də daxildir.

xxx
10:16

Dünyaşöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Charles Veleyin rəhbərlik etdiyi beynəlxalq səyyahlardan ibarət heyətin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, səfərdə 13 ölkədən, o cümlədən ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniyadan olmaqla, ümumilikdə 40-a yaxın səyyah iştirak edir.

Səfər proqramına Azərbaycanın qədim tarixini və mədəni irsini əks etdirən alban məbədlərinin ziyarəti də daxildir.

Qeyd edək ki, bu, 2021-2026-cı illərdə dünyanın əsas səyyah klublarının Qarabağ və Şərqi Zəngəzura qrup şəklində təşkil etdiyi 17-ci səfərdir.

Səfərlər çərçivəsində beynəlxalq səyyahlar işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yerində tanış olmaq imkanı əldə edirlər.