Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktoru Mansurbek Olloyerovun videokonfrans formatında görüşü olub.
ƏƏSMN-dən Qaziler.az-a bildirilib ki, görüşdə ortaq tarixə, din və mədəniyyətə malik olan Azərbaycan və Özbəkistanın ənənəvi dostluq və qardaşlıq əlaqələri, strateji tərəfdaş ölkələr olduğu qeyd edilib. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən 2023-cü ilin avqust ayında imzalanan “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”nin strateji tərəfdaşlığın dinamik inkişafında xüsusi önəm kəsb etdiyi vurğulanıb.
2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun, bu sənədin icrası ilə bağlı ötən il imzalanan 2025-2027-ci illər üzrə Tədbirlər Planının əlaqələrin genişlənməsində əhəmiyyəti diqqətə çatdırılıb.
İki qurum arasında əməkdaşlıq gündəliyindən, o cümlədən dövlət sosial xidmətlərinin göstərilməsinin təşkili və onların rəqəmsallaşdırılması, əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində aparılan fəal təcrübə mübadilələrindən bəhs olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin təşkilatçılığı ilə 23 oktyabr 2026-cı il tarixində Xankəndidə keçiriləcək “SocGov 2026: Ağıllı İdarəetmə üçün Rəqəmsal Analitika” beynəlxalq forumundan bəhs olunub. Forumun sosial xidmətlərin rəqəmsallaşdırılması və süni intellektin sosial sektorda tətbiqi sahəsində təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar yaradacağı bildirilib.
Görüşdə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

