Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Nyu-Yorkda danışıqlar aparıblar. Görüş zamanı Ukrayna məsələsinin nizamlanması və ikitərəfli münasibətlərlə yanaşı, Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunub.
Qaziler.az AZƏRTAC-a istinadla xəbər verir ki, görüş BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilib. Danışıqlar qapalı formatda baş tutub və 50 dəqiqədən çox davam edib.
Görüşün yekunlarına dair Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, əsas müzakirə mövzularından biri Ukrayna məsələsinin nizamlanması olub. Rusiya Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, S.Lavrov Kiyevin və onun Avropadakı tərəfdaşlarının fəaliyyəti ilə bağlı Moskvanın mövqeyini diqqətə çatdırıb. Rusiya tərəfi, həmçinin siyasi-diplomatik vasitələrdən istifadə etməklə və münaqişənin ilkin səbəblərini aradan qaldırmaqla bəyan etdiyi məqsədlərə nail olmaq əzmini təsdiqləyib. Beynəlxalq və regional məsələlərə də xüsusi diqqət ayrılıb.
“Beynəlxalq və regional məsələlər arasında Yaxın Şərqdə, Latın Amerikası və Karib hövzəsi regionunda vəziyyətə toxunulub”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur.
Tərəflər, həmçinin ilin sonunadək keçirilməsi nəzərdə tutulan “Böyük iyirmilik” qrupunun tədbirlərinə hazırlığı və beynəlxalq hüquq gündəliyinə dair bir sıra məsələləri nəzərdən keçiriblər.
Danışıqların əhəmiyyətli hissəsi Rusiya-ABŞ münasibətlərinə həsr olunub. Moskva Rusiya və ABŞ prezidentlərinin əldə etdiyi razılaşmalara uyğun olaraq bu münasibətlərin mümkün qədər tez normallaşdırılmasının zəruriliyini vurğulayıb.
Görüşün yekununda S.Lavrov və M.Rubio müzakirə olunan məsələlər üzrə Rusiya və ABŞ-nin xarici siyasət qurumları arasında təmasları davam etdirmək barədə razılığa gəliblər.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyindən bildirilmişdi ki, danışıqlar zamanı Moskva və Vaşinqton arasında əməkdaşlığın BMT platformasında da müzakirə olunması nəzərdə tutulub.

