Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının sədri Həlimə bint Raşid Əl-Zəri ölkəmizə səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, mərkəzin direktoru Elnarə Ənsari qonaqlara Mərkəz və filiallarının fəaliyyəti, sosial inklüziv layihələr və həssas qrupların dəstəklənməsi üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.
Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış Mərkəzdə həssas qrupların yaradıcılıq potensialının inkişaf etdirilməsi, məşğulluq imkanlarının artırılması və cəmiyyətə inteqrasiyası istiqamətində davamlı işlər aparılır. Hazırda Mərkəz və filiallarında 370-dən çox benefisiar xidmətlərdən yararlanır, onlara sosial-psixoloji dəstək göstərilir.
Təlim və sosial fəallığın artırılmasına yönəldilmiş təşəbbüslər vasitəsilə həmin şəxslərin əmək bazarına çıxışı asanlaşdırılır, onların gəlir imkanlarının genişləndirilməsinə dəstək göstərilir. Bu sahədə Mərkəzin dostart.az elektron satış portalının əhəmiyyəti vurğulanıb.
Tanışlıq çərçivəsində qonaqlar müxtəlif istiqamətlər üzrə təlim studiyalarında yaradıcılıq prosesini yaxından izləyib, benefisiarların əl işlərindən ibarət sərgi ilə tanış olublar. Mərkəz üzvlərinin ifasında musiqi nömrələri təqdim edilib.
Xanım Həlimə bint Raşid Əl-Zəri xatirə kitabına ürək sözlərini qeyd edib.

