Həqiqətləri sərhədlərdən kənara daşıyan SƏS

Həqiqətləri sərhədlərdən kənara daşıyan  SƏS backend

Həcər Karamanın Qarabağ itkinləri ilə bağlı müraciəti və ədalət axtarışının arxasındakı ictimai-siyasi fəaliyyət

Bəzən bir məktub sadəcə məktub olmur.

Onun arxasında illərlə davam edən fəaliyyət, qazanılmış ictimai mövqe, müxtəlif platformalarda aparılmış mübarizə, formalaşdırılmış əlaqələr və nəhayət, həqiqətin eşidilməsi üçün atılmış növbəti addım dayanır.

Bəli, 
 Niderland Xarici İşlər Nazirliyi Qarabağ itkinləri ilə bağlı Həcər Karamanın bir məktubunu,daha dəqiq desək sorğusunu icraata götürüb. (Sorğu №: EM3039345)

HAAQA – Niderlandda yaşayan soydaşımız  Həcər Karamanın bildirdiyinə görə 30 Avqust – Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ərəfəsində Niderlandın Xarici İşlər Naziri Tom Berendsenə ünvanladığı açıq məktuba rəsmi cavab gəlib. Müraciət Mərkəzi Hökumətin (Rijksoverheid) rəsmi kargüzarlıq sistemində qeydiyyata alınaraq, ona xüsusi sorğu nömrəsi (EM3039345) verilib və məsələ rəsmi dövlət mexanizmində daxili icraata götürülüb.Niderlandın inzibati idarəetmə qanunvericiliyinə əsasən, bu sistem üzərindən rəsmi qeydiyyata alınmış petisiya, sorğu və ya açıq məktublara müvafiq nazirliyin qanunla müəyyən edilmiş müddət ərzində rəsmi və əsaslandırılmış cavab vermək öhdəliyi mövcuddur.
Beləliklə bu hüquqi güc Həcər Karamanın addımını sadəcə ictimai bəyanat statusundan çıxararaq, rəsmi dövlət səviyyəsində işlək bir hüquqi alətə çevrib.Xarici İşlər Nazirliyinden daxil olan cavab məktubunda Qarabağ münaqişəsi zamanı itkin düşmüş və ya hələ şəxsiyyəti müəyyən edilməmiş qurbanların qohumlarının taleyinə diqqət çəkilməsi yüksək qiymətləndirilib. Ən mühüm diplomatik məqam isə nazirliyə ünvanlanmış müraciətdə qaldırılan əsas hüquqi tələbin – Haaqada yerləşən Beynəlxalq İtkin Düşmüş Şəxslər Komissiyasının (ICMP) verilənlər bazası ilə məlumat mübadiləsini genişləndirmək və artırmaq məqsədilə Ermənistan hakimiyyətinə daha çox təzyiq göstərilməsi zərurətinin və bu istiqamətdəki səylərin rəsmən qəbul edilməsi olub. İtkin düşmüş şəxslərin taleyini araşdıran ICMP qərargahının məhz Niderlandın Haaqa şəhərində yerləşməsi bu dövlətin humanitar mövzuda qlobal miqyasda mənəvi və logistik məsuliyyətini daha da artırır.Məktubda vurğulanan 4004 nəfər itkin statuslu azərbaycanlı və Ermənistan tərəfindən hərbi arxivlərin, eləcə də kütləvi məzarlıqların xəritələrinin gizlədilməsi faktı problemin hələ də aktual və həlli vacib olan fundamental bir insan hüquqları məsələsi olduğunu göstərir. Təsadüfi deyil ki, BMT-nin İtkin düşmüş şəxslər üzrə komitələri də son dövrlərdə bu məsələ ilə bağlı Ermənistandan hesabatlar tələb etməkdədir.Müraciətin xüsusi əhəmiyyəti nəzərə alınaraq, daxil olan mesaj mahiyyəti üzrə baxılması üçün Xarici İşlər Nazirliyinə yönləndirilib və sorğu ilə bağlı hər hansı sual yaranarsa, nazirliyin Həcər Karaman ilə birbaşa əlaqə saxlayacağı qeyd olunub.Bu addım, Azərbaycanın haqlı səsini Avropa arenasında hüquqi müstəviyə daşımaq, itkinlər problemini Niderlandın xarici siyasət masasına daxil etmək və Niderland hökumətini bu humanitar məsələdə fəal mövqe nümayiş etdirməyə sövq etmək baxımından Həcər Karamanın əldə etdiyi çox böyük strateji əhəmiyyətli bir uğurdur.

Həcər Karamanın Niderlandın xarici işlər naziri Tom Berendsenə Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş azərbaycanlılarla bağlı müraciətinə də məhz bu prizmadan baxmaq lazımdır.

Çünki burada söhbət yalnız bir məktubdan getmir. Söhbət ədalətə nail olmaq üçün göstərilən mübarizədən gedir

Lakin məsələnin bizim üçün əsas əhəmiyyəti məktubun özündən daha genişdir.

Bu müraciətin arxasında kim dayanır? Və bir gənc azərbaycanlının belə bir məsələnin beynəlxalq müstəvidə gündəmə gətirilməsinə qədər keçdiyi yol bizə nə deyir?

HƏCƏR KARAMAN – MƏKTUBUN ARXASINDAKI FƏALİYYƏT YOLU

Həcər Karamanın son müraciətini anlamaq üçün onun Niderlandda keçdiyi ictimai-siyasi fəaliyyət yoluna nəzər salmaq lazımdır.

Burada bir mühüm, həm də mənim üçün qürurverici bir faktı da diqqətə çəkməyi özümə borc bilirəm. Həcər  Karaman hələ
 20 sentyabr 2020-ci ildə Niderland Əmək Partiyası – PvdA  gənclər təşkilatının Jonge Socialistenin Amsterdam və Şimal bölgəsi üzrə prezidenti seçilmişdi. 
2022-2023 illərdə isə PvdA partiyasinin Amsterdam ve Şimali bolgesinin 8 idare heyetinden biri olaraq fəaliyyət  göstərmişdi.
Bunlar ilk baxışda siyasi bioqrafiyanın ayrı-ayrı faktları təsiri bağışlaya bilər. Əslində isə onların arxasında daha mühüm bir məna var.

Çünki insanın yaşadığı ölkənin ictimai-siyasi həyatında mövqe qazanması bir günün işi deyil.

İctimai təsir imkanları iştirakdan başlayır. İştirak isə ilk növbədə yaşadığın cəmiyyətə biganə qalmamaq deməkdir.

Həcər Karamanın nümunəsində bu iştirakın daha bir istiqaməti diqqət çəkir: o, yaşadığı ölkənin siyasi və ictimai imkanlarından Azərbaycanla bağlı məsələlərin gündəmə gətirilməsi üçün də istifadə edib.

AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİ SİYASİ MÜHİTƏ DAŞIMAQ

 Həcər Karaman Şimali Amsterdam üzrə gənc sosialistlər təşkilatına rəhbərlik etdiyi dövrdə PvdA rəhbərliyinə Xocalı faciəsi ilə bağlı qətnamə layihəsi təqdim edib. Təşəbbüsün məqsədi məsələnin Niderland parlamentində müzakirəyə çıxarılması və Xocalı hadisələrinə siyasi-hüquqi qiymət verilməsi məsələsini gündəmə gətirmək olub. 
Onun bu təşəbbüsünü  2021-ci ildə ölkə mətbuatlmız da  işıqlandırmışdı.   44 günlük müharibə və sonrakı dövrdə də Həcər Karaman PvdA-nın iclaslarında və təşkil etdiyi aksiyalarda Azərbaycanla bağlı məsələləri gündəmə gətirmişdi. 

2022-ci ildə isə onun təşəbbüsü ilə Niderlandda Sülh Həftəsi çərçivəsində azərbaycanlı gənclərin iştirakı ilə aksiya keçirilmişdi. 

Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycanla bağlı məsələlər  Həcər Karaman yaşadığı ölkənin ictimai-siyasi mühitində onun tərəfindən mütəmadi olaraq səsləndirilməyə çalışılıb.

Bu isə onun fəaliyyətinə daha geniş baxmağı tələb edir.

Bu cür çalışmalar yalnız milli tədbirlər keçirmək, bayramları qeyd etmək və soydaşlarla bir araya gəlməkdən ibarət deyil. Bunlar vacibdir. Lakin başqa bir imkan da var: yaşadığın ölkənin həyatında fəal iştirak etmək və həmin cəmiyyətin siyasi, ictimai, elmi, mədəni və informasiya platformalarında Azərbaycanla bağlı məsələlərin də eşidilməsinə imkan yaratmaq.

Həcər Karamanın fəaliyyəti bu yolun konkret nümunələrindən biridir.

 İCTİMAİ MÜBARİZƏNİN TƏNTƏNƏSİ

Həcər Karamanın fəaliyyəti yalnız siyasi təşkilat daxilində iştirakla məhdudlaşmayıb.

2022-ci ildə o, Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak edib və Azərbaycan diaspor gəncləri təşkilatının fəaliyyətinə qoşulub. 

2026-cı il mayın 13-də Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən  Həcər Karaman “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub. Qurumun məlumatında onun Niderland cəmiyyətinə inteqrasiyası, Azərbaycan həqiqətlərinin və mədəni irsinin tanıdılması, həmçinin soydaşların təşkilatlanması istiqamətində fəaliyyəti qeyd edilib. 

Beləliklə, onun fəaliyyətində bir neçə istiqamət bir-birini tamamlayır: yaşadığı ölkənin ictimai-siyasi həyatında iştirak, Azərbaycanla bağlı məsələlərin həmin mühitə daşınması və ictimai fəaliyyəti.

Bu ardıcıllıq son müraciətin də təsadüfi olmadığını göstərir.

İTKİNLƏRİN TALEYİ – BİR MİLLƏTİN DEYİL, İNSANLIĞIN MƏSƏLƏSİ

Son müraciətin mövzusu isə xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın rəsmi məlumatına görə, Qarabağ münaqişəsi nəticəsində 4 004 azərbaycanlı rəsmi olaraq itkin, əsir və ya girov götürülmüş şəxs kimi qeydiyyata alınıb. Son illərdə aparılan qazıntılar zamanı 246 itkin şəxsə aid qalıqlar aşkarlanıb. 

İllər keçməsinə baxmayaraq, bu insanların taleyi ilə bağlı sualların böyük hissəsi hələ də cavabsızdır.

Həcər Karamanın müraciətində kütləvi məzarlıqların dəqiq xəritələrinin müəyyənləşdirilməsi, məlumat mübadiləsinin genişləndirilməsi və Niderlandın bu istiqamətdə mümkün töhfələrinin araşdırılması təklif edilir. 

Bu məsələdə Niderlandın seçilməsi də diqqət çəkir. Beynəlxalq İtkin Şəxslər Komissiyasının – ICMP-nin qərargahı Haaqada yerləşir. Təşkilat münaqişələr və digər hallarda itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, onların axtarışı və identifikasiyası istiqamətində fəaliyyət göstərir. 

Deməli, burada söhbət yalnız milli məsələnin başqa bir ölkəyə çatdırılmasından getmir. Söhbət eyni zamanda insanların taleyinin müəyyənləşdirilməsi, ailələrin öz yaxınları barədə həqiqəti bilmək hüququ və müharibənin yaratdığı humanitar nəticələrin aradan qaldırılması kimi ümumbəşəri məsələlərdən gedir.

Elə buna görə də Həcər Karamanın müraciətindəki “doğmalarının taleyi barədə həqiqəti bilmək hər bir insanın fundamental hüququdur” fikri məsələnin mahiyyətini ifadə edir. 

ƏDALƏT ÖZ-ÖZÜNƏ GƏLMİR

Məhz burada bu hadisənin bizim üçün daha geniş mənası ortaya çıxır.

Ədalətə nail olmaq istəyən insan yalnız həqiqəti bilməklə və onu söyləməklə kifayətlənə bilməz.

Həqiqətin eşidilməsi üçün onun doğru ünvana çatdırılması, həmin ünvana çıxış imkanlarının yaradılması və məsələnin ardıcıl şəkildə gündəmdə saxlanılması lazımdır.

Bəzən bunun üçün illərlə çalışmaq lazım gəlir.

Əvvəlcə cəmiyyətə daxil olursan. Onun dilini, qaydalarını, institutlarını və ictimai münasibətlərini öyrənirsən. Sonra həmin cəmiyyətin fəal üzvünə çevrilirsən. Öz sözünü demək üçün imkanlar qazanırsan. Daha sonra isə hesab etdiyin həqiqəti, haqlı mövqeni və ədalət tələbini həmin platformalara çıxarırsan.

Bu baxımdan Həcər Karamanın fəaliyyəti bir məktubla başlamır və həmin məktubla da bitmir.

Xocalı ilə bağlı təşəbbüs, Azərbaycanla bağlı məsələlərin siyasi mühitdə gündəmə gətirilməsi və indi itkin azərbaycanlıların taleyinin Niderlandın rəsmi qurumlarının diqqətinə çatdırılması ardıcıl fəaliyyət xəttinin müxtəlif mərhələləridir. 

Bu xətt bizə mühüm bir həqiqəti göstərir:

Böyük məsələlərə nail olmaq üçün təkcə haqlı olmaq kifayət etmir. Haqlı olduğun məsələ uğrunda ardıcıl, səbirli və məqsədyönlü fəaliyyət göstərmək də lazımdır.

GƏNCLƏRİMİZ ÜÇÜN NÜMUNƏ

Məncə, bu hadisənin bizim üçün ən mühüm tərəfi də məhz budur.

Xaricdə yaşayan azərbaycanlı gənclərimiz harada olmalarından asılı olmayaraq yaşadıqları cəmiyyətlərə biganə qalmamalıdırlar.

Hansı ölkədə yaşayırlar yaşasınlar, ilk növbədə həmin ölkənin inkişafına, ictimai həyatına və gələcəyinə öz töhfələrini verməyə çalışmalıdırlar. Çünki insan yaşadığı cəmiyyətin yalnız müşahidəçisi deyil, onun fəal üzvü olduqda sözünün çəkisi də artır.

Amma bununla yanaşı, insan öz imkanlarından ədalətin, həqiqətin və insan hüquqlarının müdafiəsi üçün də istifadə edə bilər.

Azərbaycanlı gəncin mütləq siyasətlə məşğul olması şərt deyil. Kimsə siyasətdə, kimsə elmdə, təhsildə, jurnalistikada, biznesdə, mədəniyyətdə, hüquq və ya vətəndaş cəmiyyəti sahəsində fəaliyyət göstərə bilər.

Əsas məsələ tutduğu mövqedən ədalətli məqsədlər üçün istifadə edə bilməkdir.

Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq da yalnız Azərbaycan haqqında danışmaqdan ibarət deyil. Bu həqiqətləri yaşadığın ölkənin cəmiyyətinin başa düşə biləcəyi dildə, onun ictimai və institusional mühitində, ümumbəşəri dəyərlərlə əlaqələndirərək ifadə etmək lazımdır.

İtkin düşmüş insanların taleyinin müəyyənləşdirilməsi bunun ən aydın nümunələrindən biridir. Çünki burada milli məsələ ilə yanaşı, hər bir insanı düşündürən bir sual var:

Müharibədə itkin düşmüş insanın taleyini bilmək onun ailəsinin haqqı deyilmi?

Məhz belə suallar sərhədləri aşır.

BİR MƏKTUBDAN DAHA ÇOXU

Həcər Karamanın müraciətinə verilən rəsmi cavab hələ problemin həll edilməsi demək deyil. Qarşıda çoxlu suallar, araşdırmalar və nəticəyə çatmaq üçün görüləsi işlər var.

Lakin bəzən bir nəticənin əhəmiyyətini yalnız son nəticə ilə ölçmək olmaz.

Məsələnin hansı qapıya çatdırılması da mübarizənin bir hissəsidir.

Bu müraciət rəsmi qaydada qeydə alınıb və Niderland Xarici İşlər Nazirliyinə göndərilib. Bundan sonrakı mərhələnin necə inkişaf edəcəyini zaman göstərəcək.

Amma Həcər Karamanın nümunəsi artıq başqa bir məsələni göstərir.

Ədalət uğrunda mübarizə bir günlük fəaliyyət deyil.

Bunun üçün cəmiyyətin içində olmaq, imkanlar yaratmaq, sözünü eşitdirmək, doğru ünvanlara müraciət etmək və nəticə əldə olunana qədər məsələni gündəmdə saxlamaq lazımdır.

Biz gənclərimizə məhz bu ruhu aşılamağa ehtiyac duyuruq: harada yaşamasından, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, ədalətin yanında olmaq, yaşadığı cəmiyyətə fayda vermək və həqiqət hesab etdiyi məsələlər uğrunda öz imkanlarından istifadə etmək.

Çünki vətən sevgisi yalnız uzaqdan danışmaq deyil.

Bəzən vətən üçün ən vacib iş onun həqiqətlərini eşidilməli olduğu yerə çatdırmaqdır.

Və bəzən bunun üçün bir məktub kifayət etmir.

Bir məktubun arxasında illərlə davam edən mübarizə dayanır.

İsgəndər Sərdarlı