Azərbaycan və Türkiyə Bakı və İrəvan arasında sülh prosesinin irəlilədilməsini müzakirə edib, həmçinin Yaxın Şərq də daxil olmaqla, münaqişələrin siyasi-diplomatik yolla həllinin zəruriliyi barədə ümumi mövqeyi təsdiqləyiblər.
Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) iki ölkənin XİN başçıları Ceyhun Bayramov və Hakan Fidanın Bakıda keçirilən geniş tərkibli görüşünün yekunlarına dair bəyanatında qeyd olunub.
Nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində son bir il ərzində əldə olunmuş irəliləyişi, habelə Cənubi Qafqazda möhkəm sülhün bərqərar olmasına və regional əməkdaşlığın inkişafına yönəlmiş praktiki addımları nəzərdən keçiriblər.
Tərəflər həmçinin Yaxın Şərqdə və digər regionlarda baş verən hadisələr, yeni geosiyasi reallıqlar və davam edən münaqişələr barədə fikir mübadiləsi aparıblar.
"Nazirlər münaqişə və hərbi qarşıdurmaların siyasi və diplomatik yollarla həll edilməli olduğuna dair ortaq mövqeləri təsdiqləyiblər", - bəyanatda bildirilib.
Görüş zamanı iki ölkə prezidentlərinin rəhbərliyi altında formalaşmış və Şuşa Bəyannaməsində təsbit olunmuş Azərbaycan və Türkiyənin strateji müttəfiqlik münasibətlərinin bütün kompleksi nəzərdən keçirilib. Müzakirələr siyasi dialoq, ticari-iqtisadi və investisiya əlaqələri, energetika, nəqliyyat və logistika, təhlükəsizlik və müdafiə, humanitar əməkdaşlıq, eləcə də beynəlxalq və regional təşkilatlarda koordinasiya məsələlərini əhatə edib.
XİN başçıları Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, XİN-lər arasında siyasi məsləhətləşmələr və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya kimi institusional mexanizmlərin əhəmiyyətini vurğulayıblar.
Bundan əlavə, Bayramov və Fidan BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, D-8 və digər strukturlar çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
Nazirlər, həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Pakistan-Türkiyə və Azərbaycan-Özbəkistan-Türkiyə daxil olmaqla üçtərəfli və dördtərəfli formatların regional təhlükəsizliyin möhkəmləndirilməsinə, iqtisadi inkişafa və nəqliyyat əlaqəliliyinə verdiyi töhfəni qeyd ediblər.

