Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində fəaliyyət göstərən "AzCotton" tikiş fabriki ilə tanış olublar.
Diplomatlara bu istehsal müəssisəsinin fəaliyyəti barədə məlumat verilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, qonaqlar fabrikin istehsalat sahələrinə baxış keçirib, burada yaradılan iş imkanları və müasir istehsal prosesləri ilə tanış olublar.
Məlumat verilib ki, "AzCotton" tikiş fabrikinin Xankəndidə fəaliyyət göstərməsi bu ərazilərdə iqtisadi fəallığın və məşğulluğun təmin olunması istiqamətində görülən işlərin mühüm göstəricilərindən biridir.
Xatırladaq ki, 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nümayəndə heyətinin iştirak etdiyi Qarabağ səfərini, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Onu da qeyd edək ki, bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən sonra etdikləri sayca 22-ci səfərdir.

