Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri çərçivəsində xarici diplomatlar Xankəndi şəhərində yeni istifadəyə verilmiş Mədəniyyət Mərkəzində olublar.
Xankəndi, şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, Diplomatik korpusun nümayəndələrini Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşılayıb.
Xarici diplomatlara Mədəniyyət Mərkəzində yaradılan şərait barədə ətraflı məlumat verilib. Qonaqlar mərkəzdə yaradılmış müasir infrastrukturla tanış olub, burada fəaliyyət üçün nəzərdə tutulan məkanlara baxış keçiriblər.
Bildirilib ki, yeni Mədəniyyət Mərkəzi Xankəndi şəhərinin ictimai və mədəni həyatının inkişafında mühüm rol oynayacaq. Mərkəzdə müxtəlif mədəni tədbirlərin, sərgilərin, görüşlərin və digər ictimai tədbirlərin keçirilməsi üçün müasir şərait yaradılıb.
Diplomatlar Mədəniyyət Mərkəzində aparılan işlərlə yaxından tanış olub, burada yaradılmış şərait barədə məlumat alıblar.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Xankəndi, Xocalı və Şuşa şəhərlərində, həmçinin Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən bərpa-quruculuq və inkişaf layihələri ilə tanışlıq nəzərdə tutulur.

