BMT ilə Azərbaycan minatəmizləmə avadanlıqlarının alınmasını müzakirə edir

BMT ilə Azərbaycan minatəmizləmə avadanlıqlarının alınmasını müzakirə edir backend

BMT və Azərbaycan arasında minatəmizləmə fəaliyyəti üzrə layihə hazırlanır.

 

Bunu APA-ya açıqlamasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko deyib.

 

O bildirib ki, tərəflər minatəmizləmə avadanlıqlarının alınması və Mükəmməllik Mərkəzinin yaradılması məsələsini müzakirə edir: “Bu, BMT üçün çox mühüm layihədir. Prinsip etibarilə, biz bu vacib məsələdə Azərbaycan Respublikası hökumətini dəstəkləyirik. Çünki BMT Baş katibinin də qeyd etdiyi kimi, mina probleminin həlli başa çatdırılmayana qədər sülh və inkişaf mümkün olmayacaq. Bu baxımdan, BMT-nin agentliklərindən biri ilə Azərbaycan hökuməti arasında minaların təmizlənməsi üçün avadanlıqların alınmasına və həmçinin Mükəmməllik Mərkəzinin yaradılmasına dair müzakirələrin aparılmasından çox məmnunam. Azərbaycanın bu sahədə əldə etdiyi zəngin təcrübəni nəzərə alsaq, düşünürəm ki, Mükəmməllik Mərkəzi çox mühüm rol oynaya bilər”.

 

BMT rəsmisinin sözlərinə görə, bu mərkəz Azərbaycanın təcrübəsini mina problemi ilə üzləşən digər ölkələrlə bölüşmək üçün əhəmiyyətli olacaq: “Bizim donorumuz Avropa İttifaqıdır və hazırda Azərbaycan hökuməti ilə BMT arasında mövqelər razılaşdırılıb. Ümid edirik ki, layihə tezliklə imzalanacaq və işlərə başlanılacaq. Biz bunu bu sahədə fəaliyyətimizin başlanğıcı kimi qiymətləndiririk və gələcəkdə bu işi genişləndirməyə ümid edirik. Çünki başa düşürük ki, minalar ərazidən təmizlənməyənə qədər insanlar normal həyatlarını qura, işləyə, səhiyyə xidmətlərinə və digər mühüm imkanlara çıxış əldə edə bilməzlər. Bu, dayanıqlı inkişaf, həyat keyfiyyəti üçün vacibdir. Məhz buna görə də bu məsələ bizim prioritetlərimizdən biridir”.

 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi azad edilmiş ərazilərə səfər etməyə hazırlaşdığını da diqqətə çatdırıb: “Orada görülən işləri öz gözlərimlə görməyi səbirsizliklə gözləyirəm. Çoxlu fotolar görmüşəm və Azərbaycan hökumətinin orada həyata keçirdiyi təsirli investisiyalardan xəbərdaram. Təbii ki, bütün bunları öz gözlərimlə görmək, həmçinin BMT-nin hansı digər sahələrdə potensial olaraq fəaliyyət göstərə biləcəyini yerindəcə müəyyənləşdirmək istəyirəm”.