Xəzər dənizinin səviyyəsinin enməsi narahatlıq doğuran hal alır - Muxtar Babayev

Xəzər dənizinin səviyyəsinin enməsi narahatlıq doğuran hal alır - Muxtar Babayev backend

Xəzər dənizinin səviyyəsinin enməsi bölgəmiz üçün hər keçən il daha narahatlıq doğuran hal alır.

 

Qaziler.az Trend-ə istinadən xəbər verir ki, bu barədə COP29-un prezidenti və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin açılış mərasimində çıxışı zamanı deyib.

 

O qeyd edib ki, Azərbaycan bu çağırışı regional və beynəlxalq gündəlikdə daha yuxarı pillələrə qaldırmaq və Xəzəryanı dövlətlər arasında dialoqu möhkəmləndirmək istiqamətində çalışıb.

 

"Vəzifəmiz ortaq suların gərginlik mənbəyinə çevrilməməsini, əksinə əhalinin sabitliyi və ortaq rifahın hərəkətverici qüvvəsi olmasını təmin etmək olmalıdır. Azərbaycan üçün iqlim dəyişikliyi gündəliyi ən yüksək siyasi diqqəti alıb.

 

İqlim dəyişikliyinin həssas ölkələr, xüsusən də kiçik ada dövlətləri və az inkişaf etmiş ölkələr üçün riskləri çox yüksəkdir. Məhz buna görə buradayıq və bu həftə birgə nəticələr əldə etmək istəyirik.

 

Enerji bu həftə qarşımızda duran əsas məsələlərdən biridir. COP31 Rəyasət Heyətinin icraya, o cümlədən enerji keçidinin mühüm hərəkətverici qüvvəsi kimi elektrifikasiyaya diqqət yetirməsini alqışlayırıq. Lakin keçid həm də iqtisadiyyat, iş yerləri və insanlarla bağlıdır. Ədalətli, nizamlı və bərabərhüquqlu olmalı, milli şəraitləri əks etdirməli, maliyyə və texnologiya ilə dəstəklənməlidir.

 

Bakı İqlim Fəaliyyəti Həftəsi boyunca biz maliyyə, enerji və adaptasiyadan tutmuş biznes, innovasiya, davamlılıq və ədalətli keçidə qədər həlledici suallarla üz-üzə gələcəyik”,- deyə M.Babayev əlavə edib.

 

Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçirilir.

 

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

 

Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

 

Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.