ANAMA ilə ASEAN-ın Regional Mərkəzi arasında anlaşma memorandumu imzalanıb

ANAMA ilə ASEAN-ın Regional Mərkəzi arasında anlaşma memorandumu imzalanıb backend

ANAMA ilə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələrin mina təhlükəsi ilə mübarizə üzrə regional təşkilatı olan ASEAN Regional Minatəmizləmə Mərkəzi (ARMAC) arasında Anlaşma Memorandumu imzalanıb.

Qaziler.az xəbər verir ki, sənəd ANAMA və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində imzalanıb.

Humanitar minatəmizləmə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov və ARMAC-ın icraçı direktoru Rotna But tərəfindən imzalanıb.

Sənəd iki qurum arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə və bilik mübadiləsinin genişləndirilməsi, qabaqcıl yanaşmaların paylaşılması və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə fəaliyyətin təşviqini nəzərdə tutur.

İmzalanan sənəd Azərbaycanın mina probleminin həlli istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eləcə də müxtəlif regionlarda fəaliyyət göstərən minatəmizləmə qurumları arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından əhəmiyyətli addımdır.

Qeyd edək ki, sentyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb.

Tədbirdə “Şəhərlərin bərpasının təməlində mina fəaliyyəti”, “Azərbaycanda təhlükəsiz mina fəaliyyətinin dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri”, “Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə” mövzusunda panel müzakirələr keçirilir.

Konfransın işinə sentyabrın 3-də yekun vurulacaq. (trend)