“Rus dünyası” konsepsiyası Vladimir Putinin Belarus Prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə münaqişəsinə səbəb olub. Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski söyləyib. Onun sözlərinə görə, “Rus dünyası” rus torpaqlarının birləşdirilməsi üçün aparılan hibrid müharibəsidir:
“Ukraynada bu məsələ özünün qaynar fazasını yaşayır. Putinin etibarlı müttəfiqləri olan Lukaşenko və Nazarbayevlə münasibət məhz bu konsepsiya ucbatından pozulub. Biz bunu hər gün görürük”.Qeyd edək ki, Belarus və Qazaxıstan bundan öncə Su-24 insidentində Rusiyanın yanında olduğunu dolayısı yolla bəyan etsə də, Ukraynanın blokadası məsələsinə qoşulmayıblar: həm Lukaşenko, həm də Nazarbayev Donbas probleminin yalnız danışıqlar yoluyla həll edilməsinin tərəfdarı kimi çıxış ediblər. Hər iki ölkə Rusiyanın ən yaxın tərəfdaşı sayılsa da, Krımın anneksiyasını tanımayıb. Üstəlik, Rusiyanın Belarus ərazisində yeni aviabaza yerləşdirmək istəməsi Lukaşenko ilə Kremlin münasibətlərini pozub. Rusiya radikal siyasətçilərinin isə Qazaxıstanın şimal ərazilərini anneksiya etmək haqqında səsləndirdiyi ifadələr Nazarbayevi də Moskvaya qarşı münasibətlərində ehtiyatlı davranmağa vadar edib. Məhz bu amil ölkə ərazisində Rusiya imperiyası və Qazaxıstanın Rusiyaya birləşdirilməsi təbliğatı ilə məşğul olan bir sıra şəxslərin həbs edilməsinə və ya deportasiyasına səbəb olub.