Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyəti Kluj-Napoka şəhərinin vitse-meri Dan Ştefan Tarçeya ilə görüşüb.
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, görüşdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Rumıniyanın Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması və inkişafı, birgə layihələrin həyata keçirilməsi, investisiya imkanları və digər məsələlər müzakirə olunub.Kluj-Napoka şəhərinin vitse-meri Dan Ştefan Tarçeya Kluj-Napokada həyata keçirilən iri miqyaslı infrastruktur və sosial layihələr, şəhərin inkişafı istiqamətində görülən işlər, həmçinin gələcək inkişaf planları barədə Azərbaycan nümayəndə heyətinə məlumat verib.
Elçin Yusubov isə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb. Bildirib ki, 30 ildən artıq davam edən işğaldan sonra Azərbaycan torpaqları dövlət başçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilib. Doğma yurdlarından didərgin düşmüş keçmiş məcburi köçkünlərin hazırdav mərhələli şəkildə öz torpaqlarına qayıdışı təmin olunur.Xüsusi nümayəndə Qarabağın hər bir ərazisində genişmiqyaslı tikinti, bərpa və quruculuq işlərinin həyata keçirildiyini, bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.
Elçin Yusubov Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması və regionda dayanıqlı əməkdaşlıq mühitinin yaradılmasının Cənubi Qafqazla yanaşı, Avropa, o cümlədən Rumıniya ilə ticarət və iqtisadi əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.Görüş zamanı tərəflər əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılığa gəliblər.

