Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edəcək - XİN

Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edəcək - XİN backend

Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edəcək.

 

Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində ötən il ABŞ-nin dəstəyi ilə Vaşinqtonda keçirilmiş Azərbaycan-Ermənistan sammitinin ildönümünə həsr olunmuş paylaşımında bildirilib.

 

"Bu gün ötən il ABŞ-nin dəstəyi ilə Vaşinqtonda keçirilmiş Ermənistan və Azərbaycan arasında sammitin ildönümünü qeyd edirik. Bu hadisə iki ölkə arasında münasibətlərdə tarixi impuls yaratdı. Biz hər iki tərəfi bu istiqamətdə irəliləməyə davam etməyə çağırırıq.

 

Cənubi Qafqazda sülh və sabitlik bizim ümumi maraqlarımıza cavab verir. Aİ və ABŞ-dəki tərəfdaşlarımızla birlikdə Almaniya bu prosesi bütün mərhələlərində dəstəkləməyə davam edəcək", - deyə paylaşımda qeyd olunub.

 

Qeyd edək ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması barədə birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adlandırılıb.

 

Görüş çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş" layihəsini paraflayıb və ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanlanan, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin ATƏT-in Minsk prosesinin bağlanması ilə bağlı birgə müraciətini imzalayıblar. (trend)