Bakı və İrəvanı nümayiş etdirdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edirik - Rubio

Bakı və İrəvanı nümayiş etdirdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edirik - Rubio backend

Sülh Birləşmiş Ştatlar, Ermənistan və Azərbaycan arasında hər üç ölkənin iqtisadi rifahına töhfə verəcək gücləndirilmiş əlaqələrə qapı açıb.

Qaziler.az xəbər verir ki, bu ifadələr 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü ilə bağlı ABŞ Dövlət katibi Marko Rubionun bəyanatında yer alıb.

Bir il əvvəl ABŞ Prezidenti Donald Tampın Azərbaycan və Ermənistan arasında sülhü təmin etdiyini bildirən Rubio iki ölkə arasında imzalanan bəyannamənin Cənubi Qafqazda onilliklər boyu davam edən münaqişəyə son qoyduğunu və "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu"nun (TRIPP) başlanğıcı olduğunu qeyd edib.

"Ötən on iki ay ərzində Birləşmiş Ştatlar bu vədi tərəqqiyə çevirmək üçün Ermənistan və Azərbaycanla çiyin-çiyinə işləyib. Dəmir yollarını, avtomobil yollarını, enerji və rəqəmsal infrastrukturu müasirləşdirəcək multimodal tranzit marşrutu olan TRIPP Ermənistanda dəmir yolu üçün mühəndislik axtarışlarının artıq davam etməsi və Azərbaycanın Ermənistanla birləşəcək avtomobil və dəmir yolunun tikintisini yekunlaşdırmaq ərəfəsində olması ilə reallığa çevrilmək üzrədir", - bəyanatda vurğulanıb.

O, sülhün ABŞ, Ermənistan və Azərbaycan arasında hər üç ölkənin iqtisadi rifahına töhfə verəcək gücləndirilmiş əlaqələrə qapı açdığını bildirib.

Rubio həmçinin Orta Dəhliz boyunca özəl sektorun investisiyalarını stimullaşdırmaq üçün ABŞ hökumətinin 201 milyon dollarlıq maliyyəsi ilə kapitallaşan Trans-Xəzər Müəssisə Fondunun fəaliyyətə başladığını açıqlayıb:

"Bu tərəqqi sadə bir həqiqəti əks etdirir: sülh və rifah bir-birini gücləndirir. TRIPP sadəcə bir infrastruktur layihəsindən daha çox - Trans-Xəzər Ticarət Marşrutunda həyati vacib bir həlqə, Birləşmiş Ştatlar və digərləri üçün kommersiya imkanlarının hərəkətverici qüvvəsi və uzunmüddətli mübahisələrin həllindən sonra iqtisadi əməkdaşlığın sülhü necə möhkəmləndirə biləcəyinə dair bir modeldir.

Ermənistan və Azərbaycan bu təməl üzərində irəlilədikcə Birləşmiş Ştatlar onlarla işləməyə tam sadiq qalır. Biz hər iki ölkəni son bir il ərzində nümayiş etdirdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edir və Cənubi Qafqazda möhkəm, davamlı sülh istiqamətində irəliləyişlərin davam etməsini səbirsizliklə gözləyirik".