Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 27-də baş tutan telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinin onu iyunun 7-də keçirilmiş parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik etmədiyini deyib.
Qaziler.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 29-da jurnalistlərlə söhbətində bildirib.
"Xeyr, təbrik etmədi", — deyə o bildirib.
Putin və Paşinyan arasındakı telefon danışığı İrəvanın təşəbbüsü ilə baş tutub. Söhbətin yekunlarına dair Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib ki, tərəflər ikitərəfli iqtisadi münasibətlər barədə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərində səsvermənin nəticələrinə əsasən, Baş nazir Nikol Paşinyanın hakim "Mülki Müqavilə" partiyası 49,7%, iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23,2%, keçmiş prezident Robert Koçaryanın "Ermənistan" bloku isə 9,9% səs toplayıb. Səsvermə zamanı Ermənistandan çoxsaylı qanun pozuntuları barədə məlumatlar daxil olub və Rusiya tərəfi buna diqqət çəkib.

