Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva və Berlin nümayəndələri arasında Bakıda danışıqların aparılması barədə məlumatı şərh edə bilməyib.
Qaziler.az bu barədə “gazeta.ru”ya istinadla xəbər verir.
Kreml rəsmisi müvafiq suala cavab verərkən: “Xeyr, məndə bu görüş barədə heç bir məlumat yoxdur, ona görə də sizə deyə biləcəyim bir şey yoxdur”, — deyə bildirib.
Qeyd edək ki, iyulun 20-də Böyük Britaniyanın “The Times” qəzeti yazmışdı ki, keçmiş alman siyasətçilər Rusiya nümayəndələri ilə qapalı görüşlər keçirib və rəsmilər Moskva ilə gələcək dialoqun formatını müzakirə etməyə başlayıblar. Lakin qeyd edildiyi kimi, ilk təmaslar nəzərəçarpan nəticələr verməyib və Avropa İttifaqı daxilində fikir ayrılıqlarına səbəb olub.
İyulun 21-də isə Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya səfəri zamanı keçirilən mətbuat konfransında Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüşün keçirildiyini təsdiqləyib.
QAZİLER.AZ

