Lyayen Bakıdan sonra İrəvana yola düşəcək

Lyayen Bakıdan sonra İrəvana yola düşəcək backend

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen gələn həftə Azərbaycana və Ermənistana səfər edəcək.

Qaziler.az Report.az-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.

Məlumata görə, o, iyulun 1-də Bakıda olacaq, daha sonra isə İrəvana yola düşəcək.

Pinyo qeyd edib ki, Cənubi Qafqaz ölkələrinə səfər Avropa İttifaqının regionda tərəfdaşlığı möhkəmləndirmək istəyini nümayiş etdirmək və Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olunmasında Aİ-nin dəstəyini ifadə etmək məqsədi daşıyır.

"Sülh, nəqliyyat əlaqəliliyi və iqtisadi inteqrasiya bu səfərin əsas mövzuları olacaq. Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafına xüsusi diqqət yetiriləcək", - o bildirib.

Avropa mediası qarşıdan gələn səfəri "İpək Yolu ilə səyahət" kimi səciyyələndirib. Mənbələr regionda Yaxın Şərqdəki müharibə səbəbindən əhəmiyyəti daha da artan "nəqliyyat əlaqəliliyinin və güc balansının dəyişməsinin" müzakirə olunmasının planlaşdırıldığını bildirirlər.

Ursula fon der Lyayenin bir sıra mühüm bəyanatlarla çıxış edəcəyi gözlənilir.