ERMƏNİLƏRİ BEYNƏLXALQ MƏHKƏMƏYƏ VERSƏK...

ERMƏNİLƏRİ BEYNƏLXALQ MƏHKƏMƏYƏ VERSƏK... backend

Erməni işğalçılarına qarşı mübarizədə müxtəlif üsullardan istifadə edilməsi dövrümüzün tələbi və qisasımızın rəhnidir. Bu mövzuda çoxvektorlu işlər görülməkdədir. Əlbəttə, ön sırada sözsüz ki, hərbi qüdrətimizin artırılması gəlir. Sözsüz ki, ciddi qüsurlar və bəzi istiqamtlər üzrə səriştəsizlik və qətiyyətsizlik də özünü büruzə verir.

Erməni işğalçılığına qarşı mübarizə metodlarından biri də beynəlxalq hüquqa istinad edərək Beynəlxalq Cinayət Məhkəməsinə (International Criminal Court) müraciətin edilməsidir. Fakt budur ki, Azərbaycan torpaqları işğal edilib, işğal edilmiş torpaqlarda azərbaycanlılara qarşı soyqırımla müşayət olunan etnik təmizləmə aparılıb. Bu fakt beynəlxalq təşkilatlar tərəfindən də təsdiq edilib. “Ermənistana” qarşı Beynəlxalq Cinayət Məhkəməsi qarşısında iddia qaldırılması üçün Azərbaycanda xüsusi komissiya da yaradılıb. Amma komissiya hələ ki işləyir və nəticəni ortaya qoymayıb. Əlbəttə, burada obyektiv və subyektiv problemlər də var. Obyektiv problem budur ki, Azərbaycan torpaqlarının işğalı zamanından bu günədək dəymiş ziyanı hesablamaq göründüyü qədər asan məsələ deyil. Subyektiv amil isə, ermənipərəst Rusiya və Qərbin təzyiqidir. Necə ki, Azərbaycanın qarşısına “torpaqları hərbi yolla azad etmək” yolunun qadağası qoyulub, eləcə də göründüyü qədər qondarma “ermənistanın” Beynəlxalq Cinayət Məhkəməsinə verilməsinə də xristian dünyası maneəçilik törətməkdədir.
Amma torpaqlarını hərbi yolla almaq imkanından məhrum Azərbaycan heç olmasa uzun-uzadı çəkəcək Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməyə cəhd etməlidir. Bunun həm hüquqi, həm də siyasi əhəmiyyəti ölçüyəgəlməz bir addım olardı.Unutmayaq ki, Azərbaycan artıq bir dəfə ciddi səhvə yol vermişdir. 80-ci illərin sonunda qondarma “ermənistandan” qovulmuş soydaşlarımıza sadəcə beynəlxalq standartlara uyğun, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş “qaçqın” statusu verilməli idi. O dövrdəki iqtidarlarımız bunu etmədilər. Amma Bakıda ev-eşiyini sərfəli variantla satmış erməni dığacıqları Rusiyada, Avropada və ABŞ-da kefi kök yaşamaqla yanaşı beynəlxalq təşkilatlarda “Azərbaycandakı anti-erməni təqiblərdən canını qurtarmış qaçqın” statusunda qeydiyyatdadırlar. Biz bunu edə bilmədik. Çünki, bir tərəfdən, bu gün müasir dilçilik, tarix elmi sahəsində dünyaya bu torpaqlarda qədimliyimizi sübut etmək üçün uzmanlarımız olmadığı kimi, o dövrdə də beynəlxalq siyasət və hüquq üzrə mütəxəssislərimiz yox idi. O biri tərəfdən, xarici kəşfiyyatların pulunu digər dəyərlərdən əziz tutan işbazlar başımız üzərində oturmuşdular...
Amma lap elə qondarma “ermənistanı” Beynəlxalq Cinayət Məhkəməsinə verdik, bunun bizə nə xeyiri ola bilər?
İndidən bildirək ki, bu addımımızın yalnız siyasi, təbliğat və ideoloji baxımdan əhəmiyyəti vardır. Heç bir digər əhəmiyyəti ola bilməz! Beynəlxalq Cinayət Məhkəməsinin “ermənistanı” yüz milyardlarla dollar və ya avro həcmində cərimələməsinə inanmaq çətindir. Ən azından, məhkəmə iclasları on illər boyu uzanacaq.
Lakin Beynəlxalq Cinayət Məhkəməsi qarşısında bu iddianın qaldırılması sözsüz ki, ermənilərin havadarlarını ciddi narahat edəcək. Görünür, edir də.
Ümumiyyətlə, hələ ki Azərbaycan tərəfi beynəlxalq alanda qondarma “ermənistanı” Beynəlxalq Cinayət Məhkəməsinə verəcəyini bəyan etməyib. Əsl təzyiqlər bunu edəndən sonra başlanacaq. Gözlərimiz qarşısında Fələstinin nümunəsi var. Fələstin rəsmən bu ilin aprelin 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olacaq. Hələ üzv olmamış Fələstin siyasiləri İsraili məhkəməyə verəcəklərini bildirdilər. Bu isə, Qərb dünyasında birmənalı qarşılanmadı. Barak Obama administrasiyası bəyan edib ki, Fələstini suveren dövlət saymır. Bu səbəbdən Fələstin Beynəlxalq Cinayət Məhkəməsinin üzvü ola bilməz.
Bu haqda ABŞ senatoru Lindsi Qrem açıqlama yayıb. Qrem deyib ki, İsrailə qarşı addım atılacağı təqdirdə Amerika Fələstinə yardımı kəsəcək. O, hətta irəli gedərək bunu təhqir sayıb. Onun sözlərinə görə, ABŞ qanunları bu halda yardımı kəsməyi tələb edir. Qeyd edək ki, ABŞ hər il Fələstinə yarım milyard dollara qədər məbləğdə yardım verir.
Çox maraqlı bir nüans da vardır ki, Fələstinə ayrılan ABŞ yardımı İsrail dövlətinin rəsmi hesablarına oturdulub. Hətta, Fələstinlə münasibətlər kəskinləşəndə İsrail bu yardımın fələstinlilərə ötürülməsini ya ləngidir, ya da dayandırır. Amma torpaqlarımızı işğal etmiş erməni terrorçularına ABŞ yardımını Azərbaycanı saymadan birbaşa edir.
İndi təsəvvür edək ki, biz qondarma “ermənistanı” Beynəlxalq Cinayət Məhkəməsinə versək bizə qarşı hansı təzyiqlər olacaq?
Ən azından Azərbaycanı bu addımdan çəkindirməyə çalışacaqlar. Məsələn, bu gün bildirirlər ki, rəsmi Bakı üzərinə danışıqlar aparmaq öhdəliyi götürüb, ona görə də müharibə edə bilməz. Eyni sözləri onlar məhkəmə barədə də bildirəcəklər. Daha sonra isə, inad etsək, onda sanksiyalara da əl ata bilərlər. Bəzi vəzifəli, Qərb ölkələrində və banklarında daşınan və daşınmaz əmlakı olan siyasətçilərimizə, biznesmenlərimizə təzyiqlər edəcəklər...
Amma əgər silahlı müharibə yolu ilə torpaqlarımızı geri ala bilmiriksə, heç olmasa, Beynəlxalq Cinayət Məhkəməsində erməni işğalının hüquqi müstəviyə çıxarılması təbliğat müharibəsində xeyirimizə ola bilər. Bundan imtina etməyimiz – ermənilərin böyük qələbəsi anlamına gəlir.
Diaspora