Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirib.
Qaziler.az xəbər verir ki, Azərbaycanda səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla geniştərkibli görüşdə danışan İlham Əliyev bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırladıb.
Prezident İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu deyib.
Sərdar Berdiməhəmmədov Füzulidə məscid tikintisinə də toxunaraq, bu təşəbbüsün iki xalq arasında dostluğun və qardaşlığın rəmzi olduğunu qeyd edib.



