İsrailin regiondakı təcavüzkar hərəkətləri bütün dünya üçün bir problemə çevrilib.
Qaziler.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 16-17-də Rusiyaya etdiyi səfərin yekunlarına dair "Türkiye" qəzetinə müsahibəsində bildirib.
"İsrailin təcavüzkar mövqeyi bütün dünya üçün problemə çevrilib. Bu, təkcə Türkiyənin problemi deyil. İsrail regionda dağıntılar törətmək istəyir. O, bəzi ölkələri işğal etmək və terror aktları törətmək istəyir ki, bunun da qlobal təhlükəsizlik, eləcə də iqtisadi sahədə fəsadları var. Biz İsrailin getdikcə daha çox beynəlxalq ictimaiyyətin reaksiyası ilə üzləşdiyini görürük. Ümid edirik ki, bu reaksiya nəticə verəcək və regionumuzun bütün ölkələri sülh, sabitlik və rifah içində yaşayacaq", - deyə Fidan qeyd edib.
Onun fikrincə, Qəzza problemini arxa plana keçirən İran ətrafındakı münaqişənin nizamlanmasından sonra, region ölkələri diqqəti Fələstin anklavındakı böhranın həllinə daha çox yönəldə biləcəklər.
"İkinci mərhələyə ABŞ-nin Qəzza üzrə sülh planına keçidlə bağlı işlər aparılır, çərçivə sənədinin razılaşdırılması üçün səylər göstərilir. Biz də bu prosesdə iştirak edirik", - deyə Hakan Fidan bildirib.
QAZİLER.AZ



