Səfir: "İslam hərbi koalisiyasına daxil olmaq təklifini nəzərdən keçiririk" “Azərbaycan və Tacikistan Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyi altında islam hərbi koalisiyasına daxil ola bilər”. APA-nın məlumatına görə, bu barədə beynəlxalq ərəbdilli qəzet olan “Aşarq əl-ausat” məlumat yayıb.
Bildirilir ki, Azərbaycanın Səudiyyə Ərəbistandakı səfiri Rasim Rzayev Azərbaycanın Səudiyyə Ərəbistanının təklifini nəzərdən keçirdiyini təsdiqləyib. “Azərbaycan Ər-Riyadın terrorizmlə mübarizədə göstərdiyi səyləri dəstəkləyir və bu, bizim ölkənin maraqlarına uyğundur. Ona görə də biz islam hərbi koalisiyasına daxil olmaq təklifini nəzərdən keçiririk”, - deyə o bildirib.
Qeyd olunur ki, Tacikistan prezidenti Emomali Rahmon yanvar ayında Səudiyyə Ərəbistanına səfər edəcək və kral Salmanla görüşəcək. Görüşdə tərəflər terrorizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı və Tacikistanın islam hərbi koalisiyasında iştirakı perspektivini müzakirə edəcəklər.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı dekabrın 15-də hərbi və ideoloji planda terrorizmlə mübarizə üçün islam koalisiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Koalisiyaya 33 ölkə daxil olub. 10-dan çox müsəlman ölkəsi isə koalisiyanı dəstəklədiyini bəyan edib.