Azərbaycan xalqının müasir tarixində Qarabağ zəfəri ilə açılan yeni mərhələ, milli təfəkkürün və elmi dairələrin qarşısına mühüm strateji hədəflər qoymuşdur. Bu hədəflərin sistemli şəkildə formalaşdırılması baxımından 3–4 iyun 2026-cı il tarixlərində Bakıda keçirilən I Beynəlxalq Elmi Konfrans — "Qərbi Azərbaycana Qayıdış: Milli İdeyanın Yeni Mərhələsi Kimi" fundamental bir elmi-praktik platformaya çevrildi.
Tədbir ilk növbədə yüksək təşkilatçılıq səviyyəsi, proqramın dolğunluğu və logistik miqyası ilə diqqət çəkdi. Konfransın birinci gününün Bakının müasir rəmzlərindən sayılan Alov Qüllələrində (Flame Towers), ikinci gününün isə Bakı Dövlət Universitetinin (BDU) akademik auditoriyalarında təşkil olunması, həm dövlət, həm də elm elitasının mövzuya verdiyi yüksək çəkini nümayiş etdirdi.
Tədbirin hər iki məkanda yüksək idarəçilik və qonaqpərvərlik standartlarına uyğun şəkildə ərsəyə gətirilməsi təşkilatçıların bu mühüm missiyaya xüsusi peşəkarlıqla yanaşdıqlarının bariz göstəricisidir.
Bu mötəbər tribunanın ərsəyə gəlməsində və Qərbi Azərbaycanın tarixi həqiqətlərinin elmi metodologiya ilə araşdırılmasında Bakı Dövlət Universitetinin rektoru, hörmətli Elçin Babayevin, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin və BDU nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri Xalid Niyazovun fəaliyyətlərini xüsusi vurğulamaq lazımdır.
Biz — Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin təsisçiləri, Sərdarlı sənətkar ailəsi olaraq, bu mötəbər beynəlxalq elmi konfransda bizim "Sərdar Sandıq-Mücrü Ocağı" mədəniyyət mərkəzinin apardığı elmi-praktik araşdırmaların nəticələri və bu məkanda hazırladığımız dekorativ tətbiqi sənət nümunələrindən ibarət "Göbəklitəpədən Uruda-Pazırıqdan Dərələyəzə" adlı sərgimizlə təmsil olunduq. Fürsətdən istifadə edərək konfrans panellərindən birində "Göbəklitəpədən Uruda-Pazırıqdan Dərələyəzə, Qərbi Azərbaycanın maddi mənəvi irsində vəhdət fəlsəfəsi" adlı mövzu üzrə etdiyim çıxışın əsas tezisləri ilə oxucularımızı da tanış etmək istəyirəm.
Sərdar Xan Sarayı və İrəvan memarlıq məktəbinin regional lokomotiv rolu
Böyük şair Nazim Hikmət vaxtilə Şəki Xan Sarayını görərkən heyrətini gizlədə bilməyib belə demişdisə "Əgər Azərbaycanın başqa heç bir qədim abidəsi olmasaydı, təkcə Şəki Xan Sarayını dünyaya göstərmək kifayət edərdi ki, bu xalqın nə qədər zəngin mədəniyyətə və estetik təfəkkürə malik olduğu sübut olunsun", arxiv materialları və sənədlər sübut edir ki, yer üzündən vəhşicəsinə silinmiş İrəvandakı Sərdar Xan Sarayı memarlıq və bədii tərtibat baxımından ondan qat-qat mürəkkəb, zəngin bir struktura malik olmuşdur.
Tədqiqatlarımız göstərir ki, İrəvan sarayındakı məşhur Güzgülü Zalın formalaşması Tehrandakı Gülüstan sarayının analoji zalından təxminən 70-80 il əvvələ təsadüf edir. Bu fakt sənət tarihindəki "Qacar mədəniyyətinin regiona birbaşa təsiri" tezisini tamamilə alt-üst edir və İrəvan memarlıq məktəbinin regional bir lokomotiv, bədii istiqamətverici mərkəz olduğunu elmi şəkildə ortaya qoyur. Sarayın şəbəkə pəncərələrində istifadə olunan və o dövrün kimya, şüşəçilik zirvəsini əks etdirən yeddi rəngli İrəvan şüşələri şəhərin təkcə mədəniyyət deyil, həm də beynəlxalq ticarət dövriyyəsində mühüm bir sənaye və sənət qovşağı olduğunu sübut edir.
Mirzə Qədim İrəvani dühası Şərq ornamentindən modern realizmə keçid və Üzeyir bəy körpüsü
Qərbi Azərbaycanın yetişdirdiyi dahi rəssam Mirzə Qədim İrəvaninin (1825–1875) yaradıcılığı Şərq və Türk-İslam incəsənətində bənzərsiz bir inqilab, modern realizmə keçid mərhələsidir. Onu eyni dövrdə yaşamış Osmanlı (Osman Hamdi Bəy) və ya Qacar (Sani əl-Mülk) məktəblərindən ayıran ən fundamental fərq ondadır ki, İrəvani realizmi Qərbdən hazır bir qəlib və ya təqlid kimi mənimsəməmiş, onu öz fitri istedadı ilə birbaşa milli zəmin üzərində inşa etmişdir.
İrəvani dahi bir üsulla döşəmədəki xalça naxışlarını və divardakı şəbəkə pəncərələri müəyyən bir perspektiv bucağı altında çəkməklə vizual çevriliş etdi. O, realizmi naxışın ehtişamı içində gizlədərək, Şərq insanının gözünü incitmədən onu "üçölçülü dünyaya" hazırladı. Onun sulu boya (akvarel) texnikasındakı şəffaflıq, kağızın ağlığı ilə işığın portretdəki manipulyasiyası dahi Holland ustadı Yohan Vermeerin işıq fəlsəfəsi ilə heyranedici şəkildə səsləşir. Bu riyazi və mühəndis dəqiqliyinin kökləri isə onun peşəkar dülgər və nəqqas olan atası Məhəmmədhüseynin emalatxanasından gəlirdi. Eynilə Alman İntibahının riyazi dühası Albrext Dürer kimi, İrəvani üçün də naxış və anatomiya dəqiq həndəsə qanunauyğunluğu idi.
Burada mədəniyyət tariximiz üçün çox mühüm bir paraleli vurğulamaq istəyirəm: Mirzə Qədim İrəvaninin rənglərlə təsviri sənətdə etdiyi inqilab, onilliklər sonra dahi Üzeyir bəy Hacıbəylinin musiqidə edəcəyi böyük çevrilişin vizual müqəddiməsi idi. Necə ki, Üzeyir bəy muğamın şifahi ənənəsini Avropa operasının polifonik strukturu və riyazi not sistemi ilə sintez etdi, Mirzə Qədim də miniatürün dekorativ yaddaşını Avropa rəngkarlığının perspektiv qanunları ilə eləcə vəhdətə gətirdi. Hər iki dahi "Sintezin memarı" olaraq milli olanı modernləşdirdi, lakin heç zaman özgələşdirmədi.
Pazırıqdan Dərələyəzə
Xalçanın genetik kodu və "Dərələyəzim vəhdətdə" mücrüsü
Konfransın elmi müstəvisində irəli sürdüyümüz ən mühüm tezislərdən biri də bəşər tarixinin ən qədim xalçası sayılan Pazırıq xalçası (e.ə. V əsr) ilə 1876-cü ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşkənd kəndində toxunmuş xalça arasındakı qırılmaz varislik əlaqəsidir. Bu varisliyi üç təkzibolunmaz elmi dəlillə əsaslandırırıq:
-Rəng Texnologiyası: Alman alimi, professor Karl Meşlingerin (2021) elmi analizləri sübut etdi ki, Pazırıq xalçasının parlaqlığının sirri yunun boyanmazdan əvvəl fermentasiya edilməsidir. 1876-cü il Dərələyəz xalçasındakı al-qırmızı rəng bu qədim kimyəvi prosesin XIX əsrə qədər qorunub saxlanılan canlı sübutudur.
-İkonoqrafik struktur: Pazırıqdakı süvari motivi və üz-üzə dayanmış üçbaşlı mifoloji quşlardan ibarət heraldik kompozisiya Dərələyəz xalçasında eyni fəlsəfi tarazlıqla qorunub.
-Etnik və funksional bağlılıq:
Hər iki nümunə at mədəniyyəti ilə — birbaşa yəhərüstü təyinatı ilə bağlıdır.
Məhz bu sarsılmaz elmi və vizual vəhdətdən ilhamlanaraq ərsəyə gətirdiyimiz "Dərələyəzim Vəhdətdə" sandıq-mücrü əsəri, unudulmuş boyaqçılıq sirlərimizin və məhv edilmiş Dərələyəz kəndlərinin üçölçülü sənət formatında yenidən doğulmasıdır. Sevindirici haldır ki, bu silsilədən olan əsərlərimiz bu gün təkcə ölkəmizdə deyil, Almaniyada, Türkiyədə Akkan Suver Muzeyində və dünyaca məşhur Topqapı Sarayının xüsusi guşəsində qorunmaqla milli yaddaş diplomatiyamıza xidmət edir.
Urud abidələri və Göbəklitəpə
Ezoterik varislik fəlsəfəsi
Dərələyəzin vizual kodları bizi Zəngəzurun ən möhtəşəm daş yaddaşına — Urud abidələrinə götürür. Sərgimizin ən çox maraq doğuran eksponatlarından olan "Urudum" mücrüsü, bəşər tarixinin məlum olan ilk inanc mərkəzi sayılan Göbəklitəpə (e.ə. X-IX minillik) ilə Zəngəzurun Urud (XV əsr) daş abidələri arasındakı fəlsəfi-ezoterik varislik üzərində qurulub.
Mücrünün üzərində yer alan Həyat ağacı, Üç nöqtə prinsipi və ali ədaləti, müqəddəs ailə institutunu təmsil edən Aslan fiquru qədim inanclarımızın daşlaşmış simvollarıdır. Mücrünün ön hissəsindəki iki çarx isə ən ağır fəlsəfi kodlarımızdır:
-İlahi nizam çarxı: Kainatın sonsuz və əzəli rəvanlığını, insanın müdaxilə edə bilmədiyi kosmik qanunu ifadə edir.
-Cəhrə çarxı: İnsan iradəsinin, kvant nəzəriyyəsi və qədim türk təfəkkürünün kəsişməsində xaosu nizama salan tale toxuculuğunun rəmzidir. Məhv edilmiş Urud qəbiristanlığındakı stela və qoç daşlarının üzərindən götürülmüş bu çarxlar, sənətimizdə yenidən hərəkətə gələrək tarixi yaddaşın heç vaxt sönməyəcək hərəkətverici qüvvəsinə çevrilmişdir.
Yekun və gələcəyə baxış
Bu günlərdə keçirilən I Beynəlxalq Elmi Konfrans sübut etdi ki, Qərbi Azərbaycan irsi sadəcə muzey divarlarında asılmış rəsmlər və ya tarixin tozlu səhifələrində qalmış daşlar deyil, milli kimliyimizin və dövlət strategiyamızın diri, hərəkətverici qüvvəsidir.
Biz sənətkar və araşdırmaçı olaraq, dövlətimizin bizə verdiyi bu ideoloji güclə Qərbi Azərbaycanın zəngin irsinin öyrənilməsi, rəqəmsal və maddi bərpası istiqamətində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərdiyi strateji yol xəritəsi üzrə fəaliyyətimizi daha da əzmlə davam etdirəcəyik. Milli yaddaşımızı qorumaq və gələcək nəsillərə ləyaqətlə ötürmək bizim həm sənətkar, həm də vətəndaşlıq borcumuzdur. Bu yolda bizə elmi və mənəvi dəstək olan hər bir platformaya, Bakı Dövlət Universitetinə və Qərbi Azərbaycan İcmasına bir daha dərin minnətdarlığımızı bildiririk. Məhz bu elmi vəhdət bizi gələcəyin vizual və tarixi yaddaşına qovuşduracaqdır.
İsgəndər SƏRDARLI İRƏVANİ
Araşdırmaçı, tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü
"Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin Xarici əlaqələr bölməsinin rəhbəri



