"Obyektivlik, qərəzsizlik, faktın dəqiqliyi jurnalistika üçün çox vacib prinsipdir" “Azərbaycan dövləti öz həyatını azad mediasız təsəvvür etmir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvləri ilə görüşündə deyib.Ə.Həsənov bildirib ki, bu gün dünyada baş verən qloballaşma prosesində müasir media qarşısında mühüm vəzifələr durur: “Media qurumları arasında rəqabət təbiidir, ancaq rəqabət sağlam zəmin üzərində qurulmalıdır. İstəyirik ki, bu, dünyada qəbul edilən dəyərləri gözdən salmağa deyil, bu dəyərləri daha da zənginləşdirməyə yönəlsin. Təəssüf ki, bunun əksi ilə qarşılaşmalı oluruq. Dünyada cərəyan edən hadisələr hətta bəzən çox nüfuzlu xəbər agentlikləri tərəfindən birtərəfli rakursdan işıqlandırılır, siyasi mənafelərə uyğun şəkildə təqdim olunur. Bir sıra hallarda mediaya yoxlanılmamış, qərəzli və ya sifariş xarakterli informasiyalar yol tapır. Bu, beynəlxalq aləmdə ikitərəfli münasibətlərə zərər vurur”.
Ə.Həsənov qeyd edib ki, müxtəlif informasiya agentliklərinin, media qurumlarının öz siyasəti var: “Bu, belə də olmalıdır. Lakin obyektivlik, qərəzsizlik, faktın dəqiqliyi jurnalistika üçün çox vacib prinsipdir. Biz yalnız bu halda sağlam düşüncəyə əsaslanan ümumi anlaşmaya nail ola bilərik. Bu, xüsusən indi bəşəriyyətin siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini ekstremizm, transmilli cinayətkarlıq kimi təhlükələrlə üzləşdiyi bir vaxtda daha vacib və əhəmiyyətlidir. İnsanların obyektiv informasiya alması onların tək öz ölkələrində deyil, ümumən dünyada baş verən hadisələri dolğun, düzgün qiymətləndirmək imkanı yaradır”.