Lüksemburqda Azərbaycan Evi açılıb

Lüksemburqda Azərbaycan Evi açılıb backend

Lüksemburq Böyük Hersoqluğunda ölkədə yaşayan soydaşların ünsiyyət və birgə fəaliyyət məkanına çevriləcək Azərbaycan Evi açılıb.

Qazilər.az xəbər verir ki, tədbirdə Azərbaycanın Belçika, Lüksemburq və Aİ-dəki səfiri Vaqif Sadıqov, diplomatik missiyanın əməkdaşları, Lüksemburqun rəsmi şəxsləri, eləcə də Benilüks ölkələrindəki Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan "LuxAz" assosiasiyasının sədri Seymur Əhmədov mərkəzin gələcək fəaliyyət planları barədə məlumat verib.

O, layihənin Lüksemburqdakı Azərbaycan icmasının birliyini təmin edən mühüm mədəni və sosial platformaya çevriləcəyinə əminliyini ifadə edib.

Səfir Vaqif Sadıqov təşəbbüsün əhəmiyyətini qeyd edərək, onun Lüksemburqda yaşayan azərbaycanlıların vətənlə mədəni əlaqələr saxlamasına və Azərbaycanın hersoqluqda layiqincə təmsil olunmasına kömək edəcəyini vurğulayıb.

Tədbirdə Lüksemburqun Azərbaycandakı səfiri Alen de Müyzer də çıxış edib.

Report.az