Tacikistan parlamentində Azərbaycan nümayəndə heyəti ilə iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətləri müzakirə olunub.
Qaziler.az "EDnews"a istinadla xəbər verir ki, Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının Azərbaycanla dostluq və əməkdaşlıq qrupunun rəhbəri Qayrat Əzizzadə Azərbaycan Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və onu müşayiət edən heyətlə görüşüb.
Görüşdə 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından etibarən Tacikistan və Azərbaycan arasında dostluq əlaqələrinin davamlı şəkildə inkişaf etdiyi, bu münasibətlərin hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi bildirilib.
Qeyd olunub ki, bu nailiyyətlər Tacikistan Prezidenti Emoməli Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyev arasında formalaşmış səmimi dostluq münasibətlərinin, qarşılıqlı etimadın və güclü siyasi iradənin nəticəsidir.
Görüş zamanı ölkələr arasında əlaqələrin dövlətlərarası, hökumətlərarası və idarələrarası səviyyədə imzalanmış 94-dən artıq beynəlxalq sənəd və sazişə əsaslandığı diqqətə çatdırılıb. Bunun tərəflər arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini və diplomatik münasibətlərin səmərəli nəticələr verdiyini göstərdiyi vurğulanıb.
Tərəflər parlamentlərarası əlaqələrin inkişafının ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd ediblər. Deputatlar arasında qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin genişləndirilməsinin qanunvericilik fəaliyyəti baxımından faydalı olduğu bildirilib.
Sonda Qayrat Əzizzadə Tacikistan Nümayəndələr Palatasının bundan sonra da iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini, həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın inkişafına dəstək verəcəyini vurğulayıb.



