Türk Dövlətləri Təşkilatının Yüksək Səviyyəli Şəhər Dialoqu keçirilib

Türk Dövlətləri Təşkilatının Yüksək Səviyyəli Şəhər Dialoqu keçirilib backend

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Səviyyəli Şəhər Dialoqu keçirilib.

Trend xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxışında bildirib ki, Azərbaycandakı şəhərlərin 65%-i artıq 20 illik Baş planlarla idarə olunur:
“79 şəhərdən 10-u üzrə təsdiq prosesi davam edir. 2 230 yaşayış məntəqəsi üzrə detallı planlaşdırma həyata keçirilib. Bakı Baş Planı 2040 çoxmərkəzli, insan mərkəzli, ekoloji məsuliyyətli inkişaf modelini nəzərdə tutur. Burada mənzil, iş yerləri, xidmətlər, ictimai məkanlar bir-birinə yaxınlaşdırılır. Mənzil siyasətində biz mənzilə əmtəə kimi deyil, sosial sabitlik və inklüziv inkişafın əsası kimi yanaşırıq”.

Qazaxıstanın sənaye və tikinti nazir müavini Rakhymzhan Isakulov isə sürətlənən urbanizasiya, iqlim dəyişiklikləri, dövlət idarəçiliyinin keyfiyyətinə artan tələblər fonunda şəhər inkişafına sistemli və uzunmüddətli yanaşma daha da vacib olduğunu vurğulayıb.

Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi üzrə nazir müavini Hasan Suver fəlakətlərdən zərər görmüş şəhərlərin daha təhlükəsiz, davamlı, insan mərkəzli şəkildə yenidən qurulmasından danışıb. O bildirib ki, Türkiyə bu çərçivədə “Dayanıqlı Şəhərlər Deklarasiyası”nın maliyyə bazasını gücləndirmək üçün Sustainable Cities Resilience Fund adlı beynəlxalq fond üzərində işləyir.

UN-Habitat-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin direktoru Erfan Ali UN-Habitatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional yol xəritəsi bu prioritetləri praktik fəaliyyət istiqamətlərinə çevirdiyini bildirib:“Bu istiqamətlərə güclü şəhər idarəçiliyi, yerli institutların gücləndirilməsi, əlçatan mənzil, əsas xidmətlər, sosial inklüzivlik, iqlim dayanıqlılığı, davamlı şəhər infrastrukturu, böhrandan sonrakı bərpa daxildir”.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev isə çıxışında gələcək regional təşəbbüslərin mərkəzində iqlim adaptasiyası, fəlakət risklərinin azaldılması, enerji səmərəliliyi, dayanıqlı nəqliyyat dayanmalıdır deyib:

"Bu baxış artıq regionumuzda reallığa çevrilir. Məsələn, Qarabağ və Şərqi Zəngəzurdakı "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, Qazaxıstanda Alatau şəhərinin yüksək texnologiyalı inkişaf modeli, Qırğızıstanda dayanıqlı dağ urbanizmi üçün rəqəmsal monitorinq sistemləri mövcuddur. Bu gün üzv dövlətlərin pavilyonlarında da bu təşəbbüsləri görürük. Bu gün imzaladığımız memorandum vasitəsilə texniki əməkdaşlıq üçün rəsmi çərçivə yaradırıq", o qeyd edib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.