Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanda 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının qəbul edilməsini və 2026–2028-ci illər üçün Rəqəmsal İnkişafın Sürətləndirilməsinə dair Fəaliyyət Planının təsdiq edilməsini alqışlayır.
"Report"un Qazaxıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə bu gün TDT-nin qeyri-rəsmi sammitinin yekunları üzrə qəbul edilmiş Türküstan Bəyannaməsində deyilir.
İmzaçılar, həmçinin 2026-cı ildə Qırğız Respublikasının və Qazaxıstan Respublikasının rəqəmsal kodekslərinin qüvvəyə minməsini, Özbəkistanda 2030-cu ilədək Süni İntellekt Texnologiyalarının İnkişafı Strategiyasının qəbul edilməsini, eləcə də Türkiyənin maraqlı tərəflərin geniş iştirakı ilə 2026-cı ildən sonrakı dövr üçün süni intellekt sahəsində yeni baxışın hazırlanması istiqamətindəki səylərini və Türkiyə Cümhuriyyətinin Kibertəhlükəsizlik İdarəsinin yaradılmasını alqışlayırlar.
Bu təşəbbüslər türk dövlətlərinin liderləri tərəfindən TDT üzv dövlətlərinin rəqəmsal transformasiyasının irəliləməsinə və onların rəqəmsal tənzimləməsinin təkmilləşdirilməsinə əhəmiyyətli töhfə kimi qiymətləndirilir.
Liderlər həmçinin Azərbaycanda süni intellektə əsaslanan ilk hüquqi maarifləndirmə platformasının tətbiqini və ilk milli böyük dil modelinin hazırlanmasını yüksək qiymətləndiriblər.



