“Azərbaycan Şərqlə Qərbin qovuşduğu, müsəlman Şərqində 97 il əvvəl ilk parlamentli respublika quran, 140 il əvvəl Şərqdə ilk qəzet buraxan ölkədir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvləri ilə görüşündə deyib.Azərbaycanda yaranan demokratik respublikanın 95 il əvvəl Sovet Rusiyası tərəfindən işğal olunduğunu qeyd edən Ə.Həsənov sovet dövründə də Azərbaycanda jurnalistika ənənəsinin inkişaf etdiyini, peşəkar jurnalistikanın formalaşdığını vurğulayıb: “1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli KİV-lər qlobal informasiya məkanına inteqrasiya etməyə başladılar, ölkədə azad media formalaşdı. Hazırda 2008-ci ildə qəbul edilən KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası çərçivəsində Azərbaycanda azad, demokratik mətbuatın formalaşdırılması istiqamətində ardıcıl iş aparılır. Azərbaycan mediası tam sərbəstdir, jurnalistlər istənilən məsələni qaldırıb müzakirəyə çıxarırlar. Ölkədə gündəlik 40-a yaxın qəzet nəşr olunur, 5 mindən çox media qurumu, 20-yə yaxın agentlik var. İnternetə giriş sərbəstdir, bu da sosial medianın genişlənməsinə şərait yaradır. Ölkə əhalisinin 70 faizdən çoxu İnternet istifadəçisidir”.