Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub

Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub backend

Kosta-Rikanın paytaxtı San Xose şəhərində ölkənin yeni seçilmiş Prezidenti Laura Fernandesin andiçmə mərasimi keçirilib. Yüzə yaxın ölkədən nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə Azərbaycanı ölkəmizin səfiri Seymur Fətəliyev təmsil edib.

 

Bu barədə Trend-ə ölkəmizin Kosta-Rikadakı səfirliyindən məlumat verilib.

 

Kosta-Rikanın Milli Stadionunda keçirilən mərasimdə Prezident Laura Fernandes böyük izdiham qarşısında and içib, həmçinin yeni hökumət üzvlərini ictimaiyyətə təqdim edib.

 

Andiçmə mərasimindən sonra Prezident Laura Fernandes nümayəndə heyətlərinin rəhbərləri ilə qısa söhbət aparıb. Səfir Seymur Fətəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Kosta-Rika Prezidentinə səmimi təbriklərini və xoş arzularını çatdırıb. Prezident Laura Fernandes təbrikə görə təşəkkürünü bildirib, öz növbəsində, səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

 

Kosta-Rikanın yeni seçilmiş vitse-prezidenti Fransisko Qamboa isə cari ilin mart ayında Azərbaycana həyata keçirdiyi səfəri və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

 

Daha sonra Kosta-Rikanın sabiq Prezidenti Rodriqo Çaves Azərbaycan nümayəndə heyətini salamlayaraq ölkəmiz haqqında müsbət fikirlərini və xoş arzularını ifadə edib.

 

Tədbir Mələklər Bazilikasında keçirilən dini mərasimlə başa çatıb.