Azərbaycan iranlı general Həqiqətpura cinayət işi açıb

Azərbaycan iranlı general Həqiqətpura cinayət işi açıb backend

O, ölkə ərazisinə daxil olduğu halda həbs ediləcək. "İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini, general Mənsur Həqiqətpurla bağlı Azərbaycanda cinayət işi qaldırılıb və o, bizim ölkənin ərazisinə daxil olduğu halda həbs ediləcək". Bunu APA-ya müsahibəsində Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.


S. Novruzov qeyd edib ki, İran ordusunun generalı olan M. Həqiqətpur 1993-cü ildə Azərbaycanda gizli fəaliyyət göstərib: “O, bizim hərbi hissələrə gedərək Azərbaycana aid hərbi məntəqələrin yerlərini müəyyənləşdirib və gizli ermənilərə ötürüb. Bununla bağlı 1994-cü ildə Azərbaycanın Milli Təhlükəsizlik Naziriyində cinayət işi qaldırılıb. Ona görə də Həqiqətpur Azərbaycana gələ bilmir, çünki gəldiyi təqdirdə həbs olunacaq. Həqiqətpurgilin o vaxt Bakının “8-ci kilometr” adlanan ərazisində böyük bazaları olub və oradan radio stansiya vasitəsilə günün müəyyən vaxtlarında məlumatlar ötürüblər. Bu işin, bu dəstənin də başında İran ordusunun generalı Həqiqətpur dayanıb.

O vaxt onunla çalışan insanların izahatları da var, xeyli fakt toplanıb. Onların arasında Azərbaycanın bəzi regionundan, o cümlədən Nardarandan olanlar da var. Onları özü ilə İrana aparıb gətirirmiş. Həmin şəxslər özləri də etiraf edirlər ki, o vaxt Həqiqətpurun dəstəsi İranda onlara təlim keçəndə o təlimlərdə ermənilər də iştirak ediblər. Təlimlər isə Azərbaycana qarşı təxribatlar həyata keçirməkdən ibarət olub. İranda indi də bəziləri Nardarandakı inanclı insanları müxtəlif yolla təsir altına salmaq istəyir”.

S. Novruzov qeyd edib ki, kifayət qədər fakt əsasında toplanmış cinayət işinin araşdırılması hazırda da davam edir və M. Həqiqətpur Azərbaycana daxil olacağı təqdirdə, dərhal həbs ediləcək.
Diaspora