İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Van İ ilə danışıqlar zamanı Yaxın Şərq regionunda təhlükəsizliyin təmin edilməsi üçün yeni strukturun yaradılmasının zəruriliyini bəyan edib.
Qaziler.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Əraqçi bildirib ki, İran balanslı inkişaf və təhlükəsizliyi təmin edə biləcək müharibədən sonrakı yeni regional strukturun yaradılmasını dəstəkləyir", - nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.
Əraqçi qeyd edib ki, Tehran Yaxın Şərqdə sülh və sabitliyin möhkəmləndirilməsi məqsədilə Çin sədri Si Cinpin tərəfindən irəli sürülən təklifləri yüksək qiymətləndirir və dəstəkləyir. Diplomatın sözlərinə görə, İran Çinin mövqeyini, onun konstruktiv yanaşmasını və vəziyyətin deeskalsiyası naminə göstərdiyi davamlı səyləri dəstəkləyir.
İran XİN rəhbəri vurğulayıb ki, Pekin İran tərəfinin strateji tərəfdaşıdır: “Tehran dəyişməz olaraq "vahid Çin" prinsipinə sadiqdir, Çin Xalq Respublikasını öz fundamental maraqlarının qorunmasında dəstəkləyir və bütün səviyyələrdə təmasları gücləndirməyə, əməkdaşlıq potensialını reallaşdırmağa, habelə qarşılıqlı möhkəm dəstək nümayiş etdirməyə hazırdır”.
QAZİLER.AZ



