Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıldı - Yenilənib

Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıldı -  Yenilənib backend

Azərbaycanın Avropa parlamenti ilə bütün sahələrdə əməkdaşlıq əlaqələri dayandırılıb.

Qaziler.az "Report"a istinadla xəbər verir ki, bununla bağlı müddəa Milli Məclisin plenar iclasında müzakirə olunan qərar layihəsində əks olunub.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Qərara əsasən, Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır. Parlamentin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulur.

​Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılır və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmayacaq.

***

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarının TAM MƏTNİ:

Azərbaycan Respublikasının Milli Məclisi xarici ölkə parlamentləri və beynəlxalq parlament təşkilatları ilə əlaqələrində sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyəti rəhbər tutur, parlament dəyərlərinə və ortaq maraqlara əsaslanaraq açıq, səmimi və konstruktiv dialoqu təşviq edir.

Təəssüflər olsun ki, Avropa Parlamentinin qeyd olunan prinsipləri inkar edən destruktiv mövqeyi bu qurumla ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafı qarşısında başlıca maneəyə çevrilmişdir. Avropa Parlamentinin fəaliyyətinin mahiyyətində beynəlxalq hüququn norma və prinsiplərinin, ədalət anlayışının qəti surətdə rədd edilməsi dayanır. Bu qurum torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına, yüzlərlə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına, etnik təmizləməyə, bir milyondan çox qaçqın və məcburi köçkünün insan hüquqlarına davamlı şəkildə etinasız yanaşmışdır.

Avropa Parlamenti ilə əməkdaşlıq üçün nəzərdə tutulmuş platformalar - Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi və Avronest Parlament Assambleyası isə ölkəmizə qarşı təzyiq, şantaj və daxili işlərə kobud müdaxilə alətinə çevrilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin bu münasibəti səbəbindən onunla bütün əlaqələrini 2015-ci ildə dayandırsa da, qarşı tərəfin çoxsaylı müraciətlərini və vədlərini əsas götürərək əməkdaşlığı yenidən bərpa etmişdir.

Buna baxmayaraq, Avropa Parlamenti öz vədlərinə əməl etməmiş, özünün anti-Azərbaycan siyasətini, böhtan və qarayaxma fəaliyyətini ardıcıl surətdə davam etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğalına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra isə Avropa Parlamentinin bu fəaliyyəti daha geniş vüsət almışdır.

Prezident İlham Əliyevin özünün müəyyən etdiyi sülh gündəliyinin onun siyasi iradəsi və qətiyyəti sayəsində uğurla reallaşdırılması və tarixi Vaşinqton razılaşmaları ilə nəticələnməsi dövlət başçısının sülhə, əməkdaşlığa və tərəqqiyə xidmət edən təşəbbüslərinin beynəlxalq səviyyədə dəstək qazanması bu qurumun anti-Azərbaycan ritorikasını daha da gücləndirmişdir. Təkcə onu demək kifayətdir ki, 44 günlük Vətən müharibəsindən sonra Avropa Parlamenti Azərbaycan əleyhinə saxta məlumatları, yalan iddiaları və absurd ittihamları əks etdirən 10-dan artıq qətnamə qəbul etmişdir. Avropa Parlamentinin COP29 ərəfəsində və keçirildiyi dövrdə Azərbaycana qarşı hücumlarda əsas alətlərdən biri kimi istifadə olunması da yaddan çıxarılmamalıdır.

Bu gün demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən Avropa Parlamenti Azərbaycana fob və islamofob düşüncənin ardıcıl surətdə ifadə olunduğu struktura çevrilmişdir. Əsas narahatlıq doğuran məqamlardan biri də budur ki, bu qurum yalnız Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına maneə törətmir, bu həm də regionumuzda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi istiqamətində atılan addımlara qarşı çıxır. Revanşist qüvvələri təhrik etməklə regionumuzu yenidən münaqişə ocağına çevirməyə cəhd göstərir. Bütün bunlar isə Avropa Parlamenti ilə əməkdaşlığın mahiyyətini heçə endirir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 3-cü hissəsini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılsın.

Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulsun.

Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın.

 

*****

12:28

Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulacaq.

Qaziler.az apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilən “Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar” qərarda əksini tapıb.