Bizə müəyyən qədər vaxt lazımdır ki, islam ölkələri tərəfindən qəbul edilmiş qərarı analiz edək. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Onun sözlərinə görə, Rusiyaya bu koalisiyaya daxil olanlar, ekstremizmə qarşı bu koalisiyanın necə mübarizə aparacağı ilə bağlı məlumatlar gərəkdir:
“Əslində, ekstrimizmlə mübarizədə güclərin birləşdirilməsi müsbət addımdır. Lakin qiymət verməzdən öncə detalları başa düşmək lazımdır”.
Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 34 müsəlman ölkəsi terrora qarşı yeni koalisiya yaradıb. Koalisiyada Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Maldiv, Mali, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən yer alıb. Koalisiyaya İndoneziya ilə bərabər 10 ölkənin dəstək verəcəyi bildirilib.