Bakıda TDT hökumət başçılarının görüşü keçirilib, birgə bəyanat qəbul edilib - FOTO

Bakıda TDT hökumət başçılarının görüşü keçirilib, birgə bəyanat qəbul edilib -  FOTO backend

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçıları və Vitse-prezidentinin birgə bəyanatı qəbul edilib.

Qaziler.az bəyanatın mətnini təqdim edir:

"Türk Dövlətləri Təşkilatının hökumət başçıları və Vitse-prezidentinin ikinci görüşü 2 aprel 2026-cı il tarixində Bakıda keçirilmişdir.

Görüşdə Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov, Türkiyə Respublikasının Vitse-prezidenti cənab Cevdet Yılmaz, Qazaxıstan Respublikasının Baş naziri cənab Oljas Bektenov, Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri cənab Adılbek Kasımaliyev, Özbəkistan Respublikasının Baş naziri cənab Abdulla Aripov, Şimali Kipr Türk Respublikasının Baş naziri cənab Ünal Üstel, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini cənab Nökərgulu Ataguliyev, həmçinin TDT-nin Baş katibi cənab Kubanıçbek Ömürəliyev iştirak etmişlər.

TDT-yə üzv dövlətlərin Hökumət Başçıları/Vitse-prezidenti, 2025-ci il 18 sentyabr tarixində Bişkekdə Qırğız Respublikasının sədrliyi dövründə keçirilmiş birinci görüşün uğurla təşkil olunmasını alqışlamışlar;

Azərbaycan Respublikasının TDT-də davam edən sədrliyinə dəstək ifadə etmiş və birlik, institusional potensialın gücləndirilməsi və prioritet sahələr üzrə praktiki əməkdaşlığın inkişafına yönəlmiş fəal səylərini yüksək qiymətləndirmişlər;

Naxçıvan Sazişi və TDT-nin digər əsas sənədləri çərçivəsində üzv dövlətlərin öhdəliklərini bir daha təsdiqləmiş və TDT çərçivəsində sıx əməkdaşlığın regionda və onun hüdudlarından kənarda sülh, sabitlik və davamlı inkişafın təşviqində mühüm rol oynadığını vurğulamışlar;

2025-ci il 7 oktyabr tarixində Qəbələdə “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilmiş TDT-nin 12-ci Zirvə görüşünün nəticələrinin əhəmiyyətini qeyd etmiş, dəyişən geosiyasi və təhlükəsizlik çağırışları fonunda qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərin möhkəmləndirilməsi məqsədilə əməkdaşlığın intensivləşdirilməsi barədə razılığın əldə olunduğunu vurğulamışlar;

Bu çərçivədə, 7 mart 2026-cı il tarixində İstanbulda keçirilmiş TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasının nəticələrini müsbət qiymətləndirmiş, regionda sülh və təhlükəsizliyə birbaşa təhdid yaradan regional və qlobal proseslər üzrə geniş məsləhətləşmələrin aparılması üçün mühüm imkan kimi dəyərləndirmişlər;

Üzv və müşahidəçi dövlətlər arasında iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının genişləndirilməsinin, o cümlədən birgə layihələrin təşviqi, biznes və investisiya mühitinin yaxşılaşdırılması və bizneslərarası əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulamışlar;

Türk Dünyası Baxış-2040 sənədini nəzərə alaraq, ticarətdə qeyri-tarif maneələrinin aradan qaldırılması yolu ilə üzv dövlətlər arasında ticarət həcminin artırılmasına sadiqliyini ifadə etmişlər;

Sənaye inkişafının iqtisadi artıma töhfəsini və dayanıqlı iqtisadi modelin formalaşmasındakı rolunu qeyd edərək, qarşılıqlı maraq doğuran sənaye sahələrində əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını bildirmişlər;

Standartlaşdırma, rəqəmsallaşma və yaşıl texnologiyaların təşviqi sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etmişlər;

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsinin davamlı iqtisadi artım və ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulamışlar;

Enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və enerji marşrutlarının təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd etmişlər;

Neft, qaz və digər karbohidrogenlərin nəqli sahəsində mövcud infrastrukturun səmərəli istifadəsini və genişləndirilməsini dəstəkləmişlər;

Yaşıl enerji layihələrinin inkişafı və ötürülməsi sahəsində əldə olunmuş irəliləyişi alqışlamış və Yaşıl Enerji Dəhlizinin inkişafına güclü dəstək ifadə etmişlər;

Kritik mineralların enerji təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulamış və əməkdaşlıq imkanlarının araşdırılmasına çağırmışlar;

Enerji səmərəliliyinin artırılması və qabaqcıl təcrübələrin paylaşılmasının təşviq olunmasını dəstəkləmişlər;

Nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasını dəstəkləmişlər;
İnnovasiya, rəqəmsal transformasiya və süni intellektin iqtisadi inkişaf üçün strateji əhəmiyyətini qeyd etmiş və bu sahələrdə əməkdaşlığın genişləndirilməsini dəstəkləmişlər;

Kosmik texnologiyaların artan əhəmiyyətini nəzərə alaraq, bu sahədə birgə təşəbbüslərin təşviqini dəstəkləmişlər;

Nəqliyyat dəhlizlərinin inkişafını və rəqəmsal əlaqələndirmə infrastrukturunun inteqrasiyasını dəstəkləmişlər;

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında sazişin əhəmiyyətini vurğulamışlar;

TDT Zirvə görüşlərində qəbul edilmiş qərarların icrasının təmin edilməsinin vacibliyini bir daha təsdiqləmişlər;

Qazaxıstanın 2026-cı ildə Türküstanda Süni İntellekt və Rəqəmsal İnkişaf mövzusunda qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi təşəbbüsünü alqışlamışlar;

Tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan Respublikasına dərin minnətdarlıqlarını bildirmişlər.

2 aprel 2026-cı il tarixində Bakıda ingilis dilində qəbul edilmişdir".

***

12:38

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşü çərçivəsində birgə bəyanat qəbul edilib.

Qaziler.az apa-ya istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin Baş nazirlərinin Bakı görüşündə Baş nazir Əli Əsədov deyib.

Birgə bəyanatın qəbulundan sonra görüş başa çatıb.

***

10:59

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşü başlayıb.

Qaziler.az apa-ya istinadən xəbər verir ki, görüş rəsmi Bakının ev sahibliyi ilə keçirilir.

Görüşdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyənin Vitse-Prezidenti Cevdet Yılmaz, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev, Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyev və Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov iştirak edir.

Tədbirdə Baş nazir Əli Əsədov digər ölkələrdən olan həmkarlarını salamlayıb və ailə fotosu çəkdirilib.