Ukrayna Milli İslahat Şurasının iclasında Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və Ukraynanın daxili işlər naziri Arsen Avakov arasında dava düşüb.
APA TV-nin xəbərinə görə, nazir qubernatorun üzünə su töküb.
Arsen Avakov özünün “Facebook” səhifəsində Milli İslahat Şurasının iclasında Saakaşvili ilə mübahisə etdiyini və onun üzünə su tökdüyünü yazıb. Nazirin sözlərinə görə, Mixail Saakaşvili onu korrupsiyalaşmış nazir adlandırıb: "Mən onu vurmaqdan özümü saxladım və üzünə su tökdüm".
Ukrayna Ali Radasının deputatı Sergey Leşşenkonun dediyinə görə, baş nazir Arseni Yatsenyuk Saakaşvilini “qastrolçu” adlandırıb, onu Ukraynadan “rədd olmağa” çağırıb: “Saakaşvili cavab olaraq deyib ki, o, Ukrayna vətəndaşıdır və Yatsenyukdan fərqli olaraq, ölkəsini talamayıb. Bütün bunlar prezidentin də iştirak etdiyi iclasda baş verib. Poroşenko əvvəl tərəfləri sakitləşdirməyə çalışıb, sonra isə iclası bağlı elan edib”.
Mixail Saakaşvili isə Milli İslahat Şurasının iclasının videoyazısını tam şəkildə yayımlamağı tələb edib. O, bu barədə özünün “Facebook” səhifəsində yazıb: “Mən qəti surətdə Prezident Administrasiyasının mətbuat xidmətindən bu gün Milli İslahat Şurasının iclasında ölkənin baş naziri və daxili işlər nazirinin təxribatçı, şərəfsiz hərəkətlərini yayımlamağı tələb edirəm. Çəkiliş üç kamera vasitəsilə aparılıb. Ukrayna xalqı bilməlidir ki, ona kimlər rəhbərlik edir. Mən iclasda dediyim hər bir sözə görə cavab verməyə hazıram”.
Mixail Saakaşvili baş vermiş hadisə ilə bağlı mətbuat konfransı da keçirib və nazir Arsen Avakov tərəfindən təhqir edildiyini bildirib: "O, mənə qarşı nəinki təhqiramiz ifadələrdən çəkinməyib, hamının qarşısında birbaşa hədələr səsləndirib. Bu adam qanunsuz silahlı qruplaşmalara nəzarət edir".
Mixail Saakaşvilinin sözlərinə görə, baş nazir Arseni Yatsenyuk onu Ukraynadan "rədd olmağa" çağırıb.