İslamofobiya, insanların inancına görə onlara qarşı yönəlmiş ayrı-seçkilik və nifrət insan ləyaqətinin, bərabərliyin və qarşılıqlı anlaşmanın ən əsas prinsiplərini sarsıdır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü ilə bağlı "X" sosial şəbəkə hesabında edilən paylaşımda qeyd olunub.
Bildirilib ki, sözügedən qərəzin cəmiyyətlərimizdə yeri yoxdur.
"İslamofobiya ilə Beynəlxalq Mübarizə Günündə biz mədəniyyətlər və dinlər arasında hörmət, tolerantlıq və dinc yanaşı yaşamağa dair qəti sadiqliyimizi bir daha təsdiq edirik", - xarici siyasət idarəsinin paylaşımında vurğulanıb.
"İslam sülh, mərhəmət, ədalət və həmrəylik dəyərlərinə əsaslanır. İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir.
Dözümsüzlüyün bütün formalarına qarşı mübarizə inklüziv, dinc və dayanıqlı cəmiyyətlərin qurulması üçün zəruri olaraq qalır", - XİN-dən qeyd edilib.



