Avropa İttifaqı (Aİ) İran tərəfindən Naxçıvana edilən dron hücumunu pisləyir.
"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta Bakıda Prezident İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycanın regional rolu bu gün heç vaxt olmadığı qədər vacibdir. Antono Koşta İran və Yaxın Şərqdəki hərbi eskalasiya fonunda ölkənin üzləşdiyi çağırışları qeyd edib.
"İcazə verin, Avropa İttifaqı adından Azərbaycan və onun xalqı ilə tam həmrəyliyimizi bir daha ifadə edim. Biz İranın bu yaxınlarda Naxçıvan hava limanına etdiyi hücumu qətiyyətlə pisləyirik", - o vurğulayıb.
Antonio Koşta qeyd edib ki, BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə tam hörmət etməklə regional təhlükəsizliyin və sabitliyin təmin olunması mühüm əhəmiyyət kəsb edir.
Aİ Şurasının Prezidenti vurğulayıb ki, Avropa İttifaqı gərginliyin azaldılması və mülki əhalinin qorunması üçün dialoq və diplomatiya vasitəsilə bütün tərəfdaşlarla işləməyə davam edir.
Antonio Koşta həmçinin son hadisələri beynəlxalq hüququ pozan zorakı hərəkətlərin narahatlıq doğuran tendensiyasının bir hissəsi adlandıraraq xəbərdarlıq edib ki, sonrakı eskalasiya yalnız Yaxın Şərq üçün deyil, həm də Avropa və bütün dünya üçün təhlükə yarada bilər.
Xatırladaq ki, martın 5-də İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) ilə Naxçıvan ərazisinə hücum edilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Babək rayonu Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. Hadisə ilə əlaqədar İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Azərbaycan cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.



