Azərbaycan və Ermənistan arasında artıq uzunmüddətli sülh bərqərar olub, əldə edilmiş razılaşmalar yalnız kağız üzərində qalmayıb, tərəflər siyasi iradə nümayiş etdirirlər.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.
"Biz artıq uzunmüddətli sülh şəraitində yaşayırıq. Son yeddi ay ərzində biz Ermənistana daha çox neft məhsulları tədarük etməyə başlamışıq. Biz digər ölkələrdən ərazimiz vasitəsilə Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu, bizim güclü siyasi iradəmizi bir daha nümayiş etdirir", - Azərbaycan Prezidenti deyib.
Dövlət başçısı Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sənədlərin əhəmiyyətini vurğulayaraq əlavə edib ki, sülh əbədi olaraq bağlanıb.
"Bəzən belə sənədlər bir müddət kağız üzərində qala bilər. Bizim halda - 2023-cü ilin sentyabrında Ermənistanla sonuncu qanlı hərbi toqquşmadan 2025-ci ilin avqustundakı sülhə qədər olan dövr - mən hesab edirəm ki, bu, hər iki tərəf siyasi iradə və sülhə sadiqlik nümayiş etdirdikdə millətlərin və xalqların barışa biləcəyinin ən yaxşı göstəricisidir. Sülhdən yaxşı heç nə yoxdur. Yalnız müharibəni yaşayanlar sülhün dəyərini həqiqətən anlayırlar. Buna görə də düşünürəm ki, bizimki kimi ölkələr üçün bir-biri ilə sülhü qəbul etmək vacibdir", - İlham Əliyev bildirib.
Azərbaycan Prezidenti həmçinin vurğulayıb ki, sülh prosesi regionun tranzit potensialına müsbət təsir göstərir:
"Biz daha sıx qarşılıqlı fəaliyyətə can atırıq, çünki Avropa qitəsinə çıxış üçün bir çox ölkələrlə əməkdaşlıq zəruridir - tranzit və bağlantı məsələləri vacibdir. Xüsusilə indi, Ermənistanla ilkin sülh razılaşması əldə etdikdən sonra Orta Dəhlizin genişləndirilməsi üçün yeni imkanlar yaranıb, bu da bizim nikbinliyimizi gücləndirir".



