Leyla Əliyeva Moskvada Xocalı ilə bağlı tədbirdə iştirak edib

Leyla Əliyeva Moskvada Xocalı ilə bağlı tədbirdə iştirak edib backend

Fevralın 27-də Moskvada Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Lent.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Tədbir “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi, Rusiya-Azərbaycan Gənclər Təşkilatı (AMOR) və Ümumrusiya Azərbaycan Konqresi tərəfindən təşkil edilib.
Tədbirdə çıxış edən Leyla Əliyeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatlarından, baş verdiyi şəraitdən və fəsadlarından danışıb. Leyla Əliyeva Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini vurğulayaraq, son illər bu hadisənin qlobal səviyyədə tanınması istiqamətində səylərin artmasını, o cümlədən bir çox dövlətlərin qanunverici orqanlarında Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul olunmasını təqdirəlayiq hal adlandırıb. O, həmçinin iştirakçılara “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər haqda məlumat verib.

Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu da çıxış edib. Diplomat diqqəti Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə, inkişafa mənfi təsirinə, eləcə də regionda sülh və təhlükəsizliyin təmin edilməsinə yönəldib.
Tədbir zamanı Azərbaycanın və Rusiyanın tanınmış musiqiçilərinin - Alim Qasımov, Fərqanə Qasımova, Fərhad Bədəlbəyli, Dimitri Yablonski və Rain Sultanovun ifasında Xocalıya həsr olunmuş muğam və etno-caz janrında musiqi parçaları səslənib, işğal altında olan ərazilərə və Xocalı soyqırımına aid videomateriallar təqdim edilib.
Tədbirdə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində nəşr olunmuş yeni toplunun rus dilində buraxılışının təqdimatı da keçirilib. Topluya Leyla Əliyevanın video müraciətindən, Xocalı soyqırımı ilə bağlı sənədli filmdən ibarət 2 DVD, kitab, buklet, eləcə də Xocalı hadisələrinin fotoları, “Xocalıya ədalət” kampaniyasının yeni loqosu və promo məhsullarının olduğu fləşkart daxildir. Topluda, eyni zamanda, Xocalı soyqırımı ilə bağlı tərtib edilmiş elektron təqdimat da var. Bu təqdimatdan müxtəlif maarifləndirmə tədbirləri zamanı, xüsusən də xarici auditoriya üçün geniş istifadə edilməsi nəzərdə tutulub.
Tədbir çərçivəsində Leyla Əliyeva Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş gənclərlə görüşüb.
Daha sonra azərbaycanlı və rusiyalı uşaqların Xocalı soyqırımı ilə bağlı rəsmlərinin sərgisi ilə tanışlıq olub.




Diaspora