Redaktor.az
"Martın 5-də İranın Azərbaycan ərazisinə, Naxçıvana dronlarla hücum etməsi nə siyasi, nə də hərbi-əxlaqi kodekslərin heç birinə sığmır. Bu, birmənalı şəkildə pislənilən bir məsələdir. Ancaq bu gözlənilən məsələ idi, çünki iki gün bundan qabaq SEPAH generallarından biri, general Cabbari “Səhər” televiziyasına müsahibəsində Türkiyə və Azərbaycanı hədələmişdi".
Bu barədə Redaktor.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert, polkovnik Seymur Şeydayev bildirdi.
O qeyd etdi ki, “Səhər” SEPAH-a yaxın bir televiziyadır:
"O, yarandığı gündən Azərbaycana qarşı şər-böhtanlar yağdırmaqla məşğuldur. Cabbarinin müsahibəsində də Türkiyə və Azərbaycanı dolayısı ilə hədələyərək bildirmişdi ki, guya düşmənlərinə dəstək verilərsə, ərazilər raket atəşinə tutula bilər. Halbuki Azərbaycan müharibənin ilk günlərindən etibarən və 12 günlük qarşıdurma dövründə də rəsmi şəkildə bəyan etmişdi ki, ölkə ərazisindən İrana qarşı hər hansı hücum məqsədilə istifadə olunmasına icazə verilməyəcək. Bu mövqe həm Xarici İşlər Nazirliyi, həm də cənab prezident tərəfindən müxtəlif görüş və brifinqlərdə açıq şəkildə ifadə olunmuşdu. Buna baxmayaraq, İran ərazisindən Azərbaycanın mülki infrastrukturuna kamikadze dronlarla hücum edilməsi Tehranının niyyətini açıq şəkildə ortaya qoydu".
Müsahibimiz bildirdi ki, hazırda İranda idarəetmə sistemində ciddi xaos müşahidə olunur:
"Müharibə başlayandan sonra ölkənin ali rəhbərliyində, o cümlədən yüksək rütbəli zabit və generallar arasında ardıcıl itkilər baş verir, yeni təyin olunan şəxslər barədə isə qısa müddət sonra ölüm xəbərləri yayılır. Bu isə idarəetmədə boşluğun və məxfi informasiyanın kənara sızmasının olduğunu göstərir. Eyni zamanda İran daxilində xarici qüvvələrlə əlaqəli qrupların mövcudluğu barədə iddialar da səslənir. Məsələn, Qüds qüvvələrinin komandanının həbs olunması da bu ehtimalları gücləndirir. Belə vəziyyətdə dövlət qurumları arasında koordinasiya zəifləyib və müxtəlif strukturların bəyanatları bir-birini təkzib edir. Birbaşa İranın ali dini liderinə tabe olan SEPAH lider öldükdən sonra faktiki olaraq müstəqil davranır və qəbul edilən qərarlar vahid idarəetmə çərçivəsində həyata keçirilmir. Bu səbəbdən region ölkələrinə qarşı raket zərbələri endirilməsi kimi addımlar atılır və sonradan müxtəlif izahlar verilir. Bəzən otellər və ya digər obyektlər vurularaq orada guya Amerika hərbçilərinin yerləşdiyi iddia edilir. Türkiyə istiqamətində də oxşar hadisə baş vermiş, lakin NATO qüvvələri raketi zərərsizləşdirmişdi. İran isə bu kimi hallarda məsuliyyəti üzərinə götürmür. Azərbaycana qarşı hücumdan sonra da rəsmi Tehran bunu təkzib edərək məsuliyyəti İsrailin üzərinə atmağa çalışdı. Halbuki İsrail də daxil olmaqla bir sıra dövlətlər Azərbaycana qarşı bu hücumu pislədi".
Polkovnikin fikrincə, SEPAH-ın davranışı müharibənin regiona yayılmasına yönəlmiş kimi görünür:
"Yəni belə bir yanaşma formalaşıb ki, əgər ölkə özü böhran yaşayırsa, münaqişə daha geniş coğrafiyaya yayılmalıdır. Bunun fonunda İran daxilində də gərginlik artır. Çoxmillətli tərkibə malik olan ölkədə müxtəlif etnik qruplar yaranmış vəziyyətdən istifadə etməyə çalışır. İraqdan kürd silahlı birləşmələrinin İran ərazisinə daxil olması barədə xəbərlər də yayılıb. Digər tərəfdən, ölkədə yaşayan milyonlarla Azərbaycan türkü faktoru da rəsmi Tehran üçün əlavə narahatlıq yaradır. Bütün bunlar göstərir ki, İranda idarəetmə sistemi zəifləyib və qurumlar arasında koordinasiya ciddi şəkildə pozulub".
Həmsöhbətimiz xatırlatdı ki, Azərbaycan Prezidenti dünyada İran səfirliyinə gedərək başsağlığı verən yeganə dövlət başçısıdır:
"Bu addım Azərbaycanın humanist mövqeyini və qonşuluq prinsiplərinə sadiqliyini nümayiş etdirirdi. Hətta bundan sonra İran tərəfinin xahişi ilə Livandakı səfirlik əməkdaşlarının evakuasiyası üçün də yardım göstərilmişdi. Buna baxmayaraq, qısa müddət sonra İran ərazisindən Azərbaycanın mülki obyektlərinə kamikadze dron hücumu həyata keçirildi. Bu isə heç bir hərbi-əxlaqi kodeksə sığmayan addım idi. Məhz buna görə də cənab prezidentimiz hadisəyə görə üzr istənilməli və günahkarların cəzalandırılmalı olduğunu vurğuladı".
Seymur Şeydayev vətəndaşları ayıq-sayıq olmağa çağıraraq bildirdi ki, təxribatlar təkcə hərbi sahədə deyil, ideoloji müstəvidə də baş verə bilər. Buna görə də cəmiyyət müxtəlif təxribat xarakterli çağırışlara uymamalı, baş verən proseslərə məsuliyyətlə yanaşmalıdır. Belə situasiyalarda müəyyən qüvvələr ictimai rəyi çaşdırmağa və gərginlik yaratmağa çalışa bilər. O vurğuladı ki, Azərbaycanın güclü ordusu, təhlükəsizlik orqanları var və onlar istənilən təxribatın qarşısını almağa qadirdirlər.



