ABŞ-nin əməliyyatı beynəlxalq hüquqda təhlükəli presedent yaradır və Latın Amerikasında təhlükəsizliyə mənfi təsir göstərir.
Qaziler.az xəbər verir ki, bu sözlər BMT-nin Baş katibi Antonio Quterreşə məxsusdur. Onun bəyanatı BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən təcili iclasında oxunub.
"Ölkədə daha da qeyri-sabitliyin yaranma potensialı, regiona potensial təsir və bunun ölkələr arasında münasibətlər üçün yarada biləcəyi presedentdən dərin narahatlıq keçirirəm", - Baş katib bildirib.
Təşkilat rəhbərinin sözlərinə görə, hərbi müdaxilə ölkə daxilində vəziyyəti kəskin şəkildə pisləşdirə bilər. BMT həmçinin suveren dövlətə qarşı birbaşa hərbi güc tətbiqinin qlobal siyasətdə dağıdıcı davranış modeli yaradacağından ehtiyat edir.
Quterreş mövcud böhranın nəticələrinin Venesuelanın sərhədlərindən kənara çıxa biləcəyini qeyd edərək, bütün tərəfləri təmkinli olmağa çağırıb. Diplomatlar da beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həll yoluna qayıtmağın vacibliyini vurğulayırlar.
QAZİLER.AZ



