Azərbaycan Qırğızıstana humanitar yardım göndərdi

Azərbaycan Qırğızıstana humanitar yardım göndərdi backend

Fövqəladə Hallar Nazirliyi (FHN) Qırğızıstanda baş vermiş güclü zəlzələ ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə bu ölkəyə 1 milyon manat dəyərində humanitar yardımı Ələtdəki Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından yola salıb.


APA TV-nin məlumatına görə, yola salma mərasimində fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə və Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov da iştirak ediblər.

Faiq Tağızadə bildirib ki, humanitar yardımın yükləndiyi 20 avtomaşın bərə ilə Qazaxıstanın Aktau limanına aparılacaq. Yardımın daşınması üçün Qazaxıstandan əlavə iki avtomaşın da cəlb olunacaq. Sonra həmin 22 avtomaşın Qırğızıstana doğru hərəkət edəcək: “Humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 3500 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəstləri), 50 generator, 240 ədəd çadır, 6006 kvadrat metr dam örtüyü (dəmir şifer), 70 kubmetr taxta, 40 min metr reyka, 26 tondan artıq benzin, 29 ton dizel, 195 ədəd istilik sobası daxildir”.

Səfir Aycigit Buranov Azərbaycan prezidentinə və xalqına təşəkkür edərək bildirib ki, Qırğızıstan xalqı Azərbaycan xalqının yardımını unutmayacaq: "Biz heç vaxt bunu unutmayacağıq. Çünki biz keçmişdə də, indi də çox yaxınıq. Ən çətin vaxtlarda qardaş Azərbaycan həmişə köməyə gəlir".

Xatırladaq ki, Qırğızıstanda noyabrın 17-də baş vermiş 6,3 bal gücündə zəlzələ nəticəsində 4000-dən artıq tikili dağılıb və ya ciddi zədələnib, soyuq Oş vilayətində xeyli ailə evsiz qalıb.

Diaspora