Rusiya Kiyevdə Azərbaycan səfirliyinin zədələnməsinə görə təəssüfünü bildirdi

Rusiya Kiyevdə Azərbaycan səfirliyinin zədələnməsinə görə təəssüfünü bildirdi backend

Rusiya Xarici İşlər Nazirliyi (XİN) noyabrın 14-də Ukraynanın paytaxtına raket zərbəsi nəticəsində Azərbaycanın Kiyevdəki səfirliyinin binasının zədələnməsi ilə bağlı təəssüfünü bildirib.

Bu barədə "Report" Rusiya XİN-in rəsmi məlumatına istinadən xəbər verir.

Məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşüb.

Söhbət zamanı qeyd edilib ki, Azərbaycan tərəfinin Kiyevdəki Azərbaycan diplomatik missiyasının binalarına, əmlakına və ərazisinə dəyən ziyanla bağlı 14 noyabr tarixli müraciəti Rusiyanın səlahiyyətli qurumları tərəfindən diqqətlə nəzərdən keçirilib.

"Rusiya tərəfi baş verən hadisə ilə bağlı səmimi təəssüfünü ifadə edir", - XİN-in məlumatında bildirilib.

Görüşdə ikitərəfli əlaqələrin inkişafını davam etdirmək üçün qarşılıqlı niyyət təsdiqlənib, yüksək səviyyəli təmaslar qrafiki müzakirə edilib. "İkitərəfli iqtisadi əməkdaşlığın inkişafında uğurlar, mədəni-humanitar əlaqələrin tam həcmdə bərpasının vacibliyi qeyd edilib", - Rusiya XİN-dən bildirilib.

"Regional mövzular, o cümlədən 2020-2022-ci illərdə əldə edilən üçtərəfli yüksək səviyyəli razılaşmalar kompleksi əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına Rusiya tərəfinin mümkün köməyi də ayrıca müzakirə edilib. "3+3" Regional Əməkdaşlıq Platformasının ritmik işinin saxlanması məsələləri nəzərdən keçirilib", - bəyanatda vurğulanıb.

Daha əvvəl Azərbaycan XİN məlumat vermişdi ki, noyabrın 14-də Rusiyanın Bakıdakı səfiri Mixail Yevdokimov xarici siyasət idarəsinə çağırılıb və ona etiraz notası təqdim edilib. Azərbaycan XİN-də görüş zamanı səfirə noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində "İsgəndər" tipli raketlərdən birinin Səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib.

Azərbaycan tərəfi Rusiya diplomatını məlumatlandırıb ki, partlayış nəticəsində səfirliyin ərazisinin hasarının bir hissəsi tamamilə dağılıb, konstruksiyalar, xidməti avtomobillər, inzibati bina və Səfirliyin konsulluq şöbəsi zədələnib.