Gələn il üçün Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanılması xərclərinə 215 milyon manat ayrılacaq, bu da cari illə müqayisədə 10 milyon manat və və ya 4,9 faiz çox olacaq.
"Report" xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, xərclər üzrə 23,5 milyon manat beynəlxalq və regional təşkilatlara üzvlük haqqı ilə bağlı xərclərə, 38 milyon manatı beynəlxalq və regional maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirakı ilə bağlı xərclərə, 7 milyon manatı beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər üçün nəzərdə tutulub.
Eyni zamanda 239 milyon manat beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə, 19 milyon manat xarici yardımlar üzrə xərclərə, 8 milyon manat isə Azərbaycanın xaricdəki ticarət nümayəndələrinin saxlanılması üzrə xərclərə yönəldiləcək.
Qeyd edək ki, beynəlxalq münasibətlər, xarici yardımlar və Azərbaycanın xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclər 2026-cı ilin dövlət büdcəsinin layihəsində beynəlxalq münasibətlər (o cümlədən, beynəlxalq və regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirakı, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanılması, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər), xarici yardımlar və Azərbaycanın xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclər üzrə 549,5 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.
Bu da 2025-ci illə müqayisədə 14,2 milyon manat və ya 2,7 faiz çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.



