Türkiyə Avropa Birliyindən (AB) üzvlük prosesi zamanı veto hüququndan sui-istifadə etməməsini gözləyir.
Qaziler.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər nazirinin müavini və Avropa işləri üzrə direktoru Faruk Kaymakçı "Politico"ya bildirib
Diplomat vurğulayıb ki, Türkiyə ilə AB arasındakı münasibətlər, eləcə də üzvlük prosesi "dar düşüncəli, maksimalist milli maraqlara əsaslanan" veto hüququndan sui-istifadədən azad olmalıdır.
Kaymakçının sözlərinə görə, Türkiyənin Avropa Birliyinə qoşulmaq perspektivləri nə qədər güclü olarsa, 1999-2006-cı illər arasında olduğu kimi, islahatlar və Türkiyə qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması prosesi bir o qədər sürətli və daha geniş olacaq.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü ölkənin AB-yə qoşulmasının birliyi gücləndirəcəyinə və onun həqiqətən qlobal oyunçuya çevrilməsinə kömək edəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, Türkiyə 1963-cü ildə Avropa Birliyi (o vaxtkı Avropa İqtisadi Birliyi) ilə Assosiasiya Sazişi imzalayıb və 1987-ci ildə üzvlük üçün rəsmi müraciət edib. Ölkənin AB-yə daxil olması ilə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və siyasi fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb.
QAZİLER.AZ
                
					
					
					
					
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
