Rusiya Türkiyənin İŞİD terror təşkilatı ilə neft əlaqələri ilə bağlı BMT-yə müraciət etmək niyyətindədir. APA TV-nin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belqradda keçirdiyi mətbuat konfransında deyib. Sergey Lavrovun sözlərinə görə, rəsmi Moskva terrorçular tərəfindən Suriyada ələ keçirilən yataqlardan xaricə, xüsusilə Türkiyəyə neft daşınması məsələsini dəfələrlə qaldırıb. Nazir bildirib ki, əllərində olan faktları bütün maraqlı tərəflərə təqdim edəcəklər.
Sergey Lavrov qeyri-leqal neft biznesinin qarşısının alınması üçün Suriya-Türkiyə sərhədinin bağlanmasının vacibliyini vurğulayıb.Rusiya Müdafiə Nazirliyi isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ailəsini İŞİD-lə neft alverində ittiham edib. Müdafiə nazirinin müavini Anatoli Antonov bildirib ki, Suriya və İraqdan Türkiyəyə neft daşınan üç marşrut müəyyən edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın ittihamlarına səfərdə olduğu Qətərdən münasibət bildirib: "Türkiyə bir terror təşkilatından neft alacaq qədər əxlaqi dəyərlərini itirməyib. Bu iftiranı atan isbat etməlidir. İsbat etdikləri anda bu vəzifədə qalmaram. Amma iftira atanlar da o vəzifədə oturmamalıdırlar. Dürüst siyasət bunu tələb edir. Bizim haradan nə aldığımız bəllidir".
Ərdoğan bildirib ki, Türkiyə onun haqlı olduğunu bütün dünya qəbul edə-edə Rusiyanın etirazlarını üzüntü ilə qarşılayır: "Bu reaksiyalar davam etsə, təbii ki, biz də öz tədbirlərimizi görmək məcburiyyətində qalacağıq".