Mirzoyan: Bakı ilə bu məsələdə anlaşa bilmirik

Mirzoyan:  Bakı ilə bu məsələdə anlaşa bilmirik backend

“Azərbaycanın sülh sazişinin imzalanması üçün Konstitusiyanı dəyişmək şərti Ermənistan üçün qəbuledilməzdir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan brifinqdə bildirib.

“Onların bu sazişi imzalamaq üçün konkret bir şərti var, bu yanaşmanı bölüşmürük. Biz deyirik ki, sülh artıq mövcuddur, minlərlə məsələ üzrə razılığa gələ bilərik, amma bu məsələ üzrə yox. Onlar deyirlər ki, bizim Konstitusiyamızda problem var, biz isə deyirik ki, belə bir problem yoxdur. Burada qarşılıqlı anlaşma yoxdur”, - Mirzoyan vurğulayıb.

Söhbət Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılmasından gedir. Ermənistan Konstitusiyasında istinad edilən bu ölkənin Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı haqlı olaraq imzalanacaq sülh sazişinin daha etibarlı və dayanıqlı olması üçün bu məqamın Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edib.

Ermənistan Baş naziri Nikol Paşinyan gələn il yeni Konstitusiyanın qəbul ediləcəyini açıqlayıb. Hazırda Ermənistan Konstitusiya İslahatları Şurası yeni Konstitusiyanın mətni üzərində iş aparır. Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan müvafiq istinadın referendumla Konstitusiyadan çıxarılacağını istisna etməyib.