Səsləndirilən bəyanatlara baxmayaraq, vəziyyət göründüyündən də mürəkkəbdir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert hesab edir ki, Rusiyanın belə bir məqamda “Türk axını”ndan imtina etməsi Türkiyənin real qaz bazarına təsir etməyəcək:“Çünki “Türk axını” layihəsi ilə bağlı texniki işlər görülsə də, layihə reallaşmayıb. “Mavi axın” qaz layihəsi isə Rusiya-Türkiyə arasında imzalanmış müqaviləyə əsasən fəaliyyət göstərir. Müqaviləyə görə, satan tərəf, yəni Rusiya Türkiyəyə qaz verməkdən imtina edərsə, Moskva Ankaraya kompensasiya ödəməlidir. Hələlik bu barədə heç bir söhbət yoxdur. Eyni zamanda, Türkiyə tərəfi də layihə çərçivəsində üzərinə müəyyən məsuliyyət götürüb. Ona görə də tərəflərin bu kimi ciddi layihədən birmənalı olaraq imtina etməsi çətindir”.
Politoloq Rusiya ilə yaranmış gərginlik fonunda Türkiyənin alternativ qaz bazarlarını da dəyərləndirib:
“Əslində, Türkiyə təkcə İran, Azərbaycan, türkmən qazını deyil, eyni zamanda, Misir, Liviya, Əlcəzair və Qətərdən də mavi yanacaq ala bilər. Türkiyənin sənaye müəssisələri, istilik stansiyalarının bir qismi, orta və kiçik şəhərlərdəki qazanxanalar kömürlə işləmək imkanına da malikdir. Beləliklə Türkiyə qaz qıtlığını kömürlə də əvəz edə bilər. Bu, bir az zaman və xərc tələb edən bir məsələ olsa da, Türkiyə üçün fəlakət deyil. Yəni Türkiyə yaranmış vəziyyətdən itkisiz çıxa, ancaq Rusiya böyük itkilər verə bilər. Hazırda dünya qaz bazarında güclü rəqabət var. Türkiyə kimi irihəcmli bazarın itirilməsi “Qazprom” üçün yaxşı heç nə vəd etmir”.